Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalı keçirildi
SDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalı keçirildi

Müasir və müstəqil Azərbaycan Respublikasının ictimai, siyasi, mədəni həyatında qazanılan parlaq qələbələri ölkə tarixinə qızıl hərflərlə yazmış ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə aprelin 1-də Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyinin və Azərbaycan  Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında bədii özfəaliyyət kollektivinin baxış” müsabiqəsi keçirildi.
         Tədbirin əsas məqsədi tələbələri milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin  qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır.
Tələbələr əsasən bədii qiraət, ifa, rəqs və musiqi nömrələri üzrə öz məharətlərini göstərdilər.
Bütün ali təhsil müəssisələrinin qatıldığı bu müsabiqədə ADPU-nun baş müəllimi, bəstəkar Nailə Mirməmədli, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, İncəsənət gimnaziyasının xoreoqrafiya şöbəsinin  müdiri, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Samir Cəfərov, Azərbaycan  Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Rüstəm Nəzirov münsiflər kürsüsündə əyləşmişdilər.
Istedadlı tələbələr münsiflər qarşısında öz bacarıqlarını nümayiş etdirdilər.
Bədii qiraət üzrə Kimya və biologiya fakültəsinin tələbəsi Arzu Nəbizadə Baba Vəziroğlunun “ Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək”, Filologiya fakültəsinin tələbəsi Könül İbrahimova Zəlimxan Yaqubun “Azərbaycan oxusun”,  Filologiya fakültəsinin tələbəsi Nərvin Abbasova Bəxtiyar Vəhabzadənin “Vətən üçün doğulduq”, Fizika və elektroenergetika fakültəsinin tələbəsi Samir Fətişli Nüsrət Kəsəmənlinin  “Biri vardı, biri yox” ,   Tarix və coğrafiya fakültəsinin tələbəsi Məryəm Əbilova Nüsrət Kəsəmənlinin  “Küsülü qala bilmirəm” şeirlərini yüksək peşəkarlıqla səsləndirdilər.
Müsabiqədə milli, folklor rəqsi ilə yanaşı xarici və hind rəqs nömrələri də alqışla qarşılandı. “Səma” Rəqs kollektivinin ifasında “Bayram rəqsi”, “Səma” rəqs kollektivinin ifasında “Avar” rəqsi, Filologiya fakültəsinin  tələbəsi Günel Kərimovanın ifasında “Hind Rəqsi”, Fizika və elektroenergetika fakültəsinin tələbəsi Renat Rzayevin ifasında “Smooth criminal” rəqsi maraqla qarşılandı.
Filologiya fakültəsinin tələbəsi Rahib Məmmədlinin sazda ifa etdi.
Solo ifada Filologiya fakültəsinin tələbəsi Könül İbrahimovanın ifasında “Darıxdım”, Fizika və elektroenergetika fakültəsinin tələbəsi Raqif Əzizovun ifasında “Şuşanın dağları” və başqalarının ifası münsiflərin heyrətinə səbəb oldu.
Müsabiqənin sonunda münsiflər heyəti öz təklif və tövsiyyələrini verdikdən sonra universitetdə tələbələrin hərtərəfli yetişməsi üçün yaradılan şəraitə və onlara göstərilən diqqət, qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər. Qeyd etdilər ki, festivalın  II mərhələsinin nəticələri məlum olduqdan sonra 2015-ci il may ayının birinci ongünlüyündə qaliblərin iştirakı ilə yekun konserti keçiriləcəkdir. Qalib adına layiq görülmüş kollektiv və solo ifaçılar Təhsil Nazirliyinin və Azərbaycan  Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomu və hədiyyələri ilə təltif ediləcəklər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az