Bakalavriat pilləsi üzrə təcrübə imkanları
İstehsalat təcrübəsi haqqında məlumat
Təhsil Nazirliyinin standartlarına əsasən istehsalat təcrübəsi 21 kredit təşkil edir. Belə ki, bakalavr pilləsində təhsil alan bütün tələbələr tədris planında nəzərdə tutulan semestrə uyğun olaraq ixtisasları üzrə istehsalat təcrübəsi keçməlidirlər. Tələbələr tədris ilinin 8-ci semestrində istehsalat təcrübəsində iştirak etmək hüququna malikdirlər.
Təcrübə müəyyən edilmiş vaxtda başlayır və bir dəfə olmaqla nəzərdə tutulan semestr ərzində tamamlanır. İstehsalat təcrübəsi üzrə məsləhət və təlimlər bu müddətə aid edilmir.
İstehsalat təcrübəsi müddətində tələbə nəzərdə tutulmuş iş saatında təcrübə yerində olmalıdır. Tələbəyə heç bir halda təcrübəyə ayrılan müddətin 25%-dən artığında iştirak etməməyə icazə verilmir. Bu limiti keçən tələbənin yekun təcrübə qiyməti qeyri-kafi hesab olunur. Bu halda tələbə ödənişli əsaslarla istehsalat təcrübəsini yenidən keçməlidir.
Bu qaydaları pozan, üzrsüz səbəbdən təcrübədə iştirak etməyən və yaxud istehsalat təcrübəsini öz təşəbbüsü ilə, müəssisə və universitetin razılığı olmadan dayandıran tələbənin təcrübəsi baş tutmamış sayılır və tələbənin təcrübə fəaliyyəti “0”-la (qeyri-kafi) qiymətləndirilir.
İstehsalat təcrübəsində iştirak etməyən və ya təcrübəni uğurla başa çatdırmayan tələbə növbəti tədris ilində həmin ilin istehsalat təcrübəsi qaydalarına əsasən (tələbə tərəfindən ixtisasın istehsalat təcrübəsinə uyğun kreditin qanunla müəyyən edilən ödəndikdən sonra) təcrübəyə buraxılır.
İstehsalat təcrübəsini müvəffəqiyyətlə tamamlamayan tələbələr tədris prosesinin növbəti mərhələsinə davam edə bilərlər. İstehsalat təcrübəsində iştirak etməyən tələbələr yekun dövlət attestasiyasına buraxılmırlar.