Universitetimizin əməkdaşı ABŞ-da sertifikata layiq görüldü
Azərbaycan təhsili günü-gündən inkişafdadır. Respublikamızda keçirilən beynəlxalq elm və təhsil müsabiqələrində çoxsaylı şagirdlər yüksək yerləri qazanmaqla öz töhfələrini verməkdədirlər. Bugün belə müsabiqələr daha yeni-yeni uğurların qazanılmasına yol açmışdır. Bunlardan biri də Sabahın alimləri müsabiqəsi olmuşdur.
Ölkəmizdə keçirilən Sabahın alimləri müsabiqəsində universitetin əməkdaşları yüksək səviyyədə çıxış etmiş və İntel İSEF Təhsil Akademiyasının direktoru Karen Merrilin xüsusi rəğbətini qazanaraq Amerikanın Pensilvaniya ştatının Pitsburq şəhərində İNTEL şirkətinin təşəbbüsü ilə İntel İSEF( Science and Engineering Fair) Beynəlxalq Elm və Mühəndislik sərgisində dəvət almışlar.
Mayın 11-15 tarixlərində universitetimizin Bərk cisimlər kafedrasının dosenti Samir Orucov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova və Bakı Dövlət Universitetinin müəllimi Anar Qocayev İntel İSEF Təhsil Akademiyasının təşkil etdiyi təlimlərdə iştirak etmişdilər.
Təlimlərin keçirilməsində əsas məqsəd təcrübəli və nüfuzlu müəllimlərin vasitəsilə şagirdlərin gələcəkdə müsabiqələrdə daha yüksək yerləri necə qazanmağın mexanizmlərini öyrənmək və bu sahədə onların təcrübəsini bölüşmək idi. Təlimə Nobel mükfatı laureatıları Martin Chalfie və Harold Croto, Dünya miqyaslı müəllim mükafatçısı Jelf Charbonneau və başqa tanınmış elm xadimləri rəhbərlik etmişdilər. Əldə etdikləri bilik və təcrübə əsasında müsabiqədən müvəffəqiyyətlə keçən əməkdaşlar İntel İSEF Təhsil Akademiyasının sertifikatı ilə təltif olunmuşdular.
Pitsburq şəhərinin ən möhtəşəm Devid Lourens adına konfrans zalında “Bizim parlaq gələcəyimiz” şüarı altında başlayan sərgidə 75 dövlətdən 4000-dən çox orta məktəb şagirdləri və elmi rəhbərləri iştirak edirdilər. İntel şirkəti bu müsabiqəyə artıq 60 ildən çox bir zaman ərzində rəhbərlik edir, Azərbaycanda isə bu müsabiqə 2012-ci ildən etibarən keçirilir. ABŞ-da STEM- (Science, Technology, Engineering, Mathematics- Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat ) vasitəsilə orta məktəblərin ibtidai sinflərindən başlayaraq elmə maraq yaratmaq sahəsində işlər görülür, bu məqsədlə də artıq orta məktəblərdə elmi laboratoriyalar yaradılır.
Azərbaycan nümayəndə heyətinin tərkibində 4 layihə ilə 7 şagird, iki rəhbər müəllim iştirak edirdi. Müsabiqənin ilkin mərhələsində münsiflər heyəti tərəfindən təqdim olunan işlərin praktiki, texniki və təhlükəsizlik nöqteyi nəzərdən baxışı keçirildi və Azərbaycandan təqdim olunmuş layihə ilk mərhələni müvəffəqiyyətlə keçərək növbəti mərhələyə vəsiqə aldı. Müsabiqənin xüsusi mükafatlar bölməsində ölkəmizin ümumtəhsil məktəblərinin şagirdləri Cəmil Muradov Kanada universitetlərindən birində, Nigar və Mədət Sərdarlı Fransa universitetlərinin birində ali təhsil almaq mükafatına layiq görüldülər.
Mətbuat xidməti