Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsinin tələbələri Mingəçevir Su Elektrik Stansiyasına ekskursiya etdilər
Fizika və elektroenergetika fakültəsinin tələbələri Mingəçevir Su Elektrik Stansiyasına ekskursiya etdilər
Noyabrın 24-də Fizika və elektroenergetika fakültəsinin elektrotexnika və energetika kafedrasının müəllimləri Elektroenergetika, elektrik və istilik energetikası mühəndisliyi ixtisasının tələbələri kafedra müdiri dosent Nadir Hacıbalayevin rəhbərliyi ilə Mingəçevir Su Elektrik Stansiyasına, stansiyanın avadanlıqları və orada gedən prossesləri ilə yaxından tanış olmaq məqsədi ilə ekskursiya etdilər.
Mingəçevir Su Elektrik Stansiyasında nümayəndə heyətini stansiyanın baş mühəndisinin müavini Xəyal Cəfərov və Texniki təhlükəsizlik şöbəsinin rəisi İsa Xanmətov çox səmimi qarşılayaraq stansiya haqqında geniş məlumat verdilər.
Qeyd etdilər ki, müstəqillik illərində Mingəçevir Su Elektrik Stansiyasında yenidənqurma işlərinin aparılmasına Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə başlanılıb. Bu prosesin davamı olaraq 2010-2017-ci illərdə burada əsaslı yenidənqurma işləri həyata keçirilib. Stansiyada maşın zalının aşağı səviyyəsində yerləşən və işçi heyətin təhlükəsizliyi baxımından standartlara uyğun olmayan idarəetmə mərkəzi müasir tələblərə tam cavab verən yeni idarəetmə mərkəzi ilə əvəz edilib. 2018-ci il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib. Görüşdə o da vurğulandı ki, Azərbaycanın enerji təminatında Mingəçevir Su Elektrik Stansiyasının xüsusi yeri və çəkisi var. Son dövrlərdə stansiyanın müasir tələblər səviyyəsinə çatdırılması və texniki cəhətdən müasirləşdirilməsi istiqamətində olduqca mühüm işlər görülüb. Mingəçevir Su Elektrik Stansiyası uzun illər Azərbaycan əhalisinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayıb. Hələ 1941-ci ildə bu stansiyanın tikintisi və 1945-ci ildə birinci növbəsinin istismara verilməsi barədə qərar qəbul edilib. Lakin İkinci Dünya müharibəsinin başlanması tikinti işlərinin təxirə salınmasına səbəb olub. Nəhayət, 1945-ci ildə Mingəçevir su qovşağının və onun üzərində elektrik stansiyasının tikintisinə başlamaq mümkün olub. 1951-ci ildə burada ilk aqreqat istifadəyə verilib. Tikinti işləri isə 1955-ci ildə tamamlanıb. Beləliklə, Mingəçevir Su Elektrik Stansiyası 360 meqavat tam gücü ilə işə salınıb. Tənzimlənən su qovşağı illik orta su axını 12,5 milyard kubmetr olduqda ildə 1,4 milyard kilovat-saat elektrik enerjisi istehsal edilməsinə, 1,2 milyon hektar məhsuldar torpağın suvarılmasına və balıqçılığın inkişafına imkan verib. Su qovşağına yuyulma üsulu ilə yaradılan torpaq bənd, Su Elektrik Stansiyasının suqəbuledicisi, suburaxıcıları, baş bina, elektrotexniki qurğular, Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının suqəbulediciləri daxildir. Stansiyanın su anbarı öz tutumuna görə uzunmüddətli istifadə üçün kifayət qədər su ehtiyatına malikdir.
Bildirildi ki, istismara yararsız iki turbin və generator görülən işlər çərçivəsində gücü 71,5 meqavat olan turbin və generatorla əvəz edilib. 200 meqavat gücündə avtotransformator quraşdırılıb, gərginlikləri 330, 220 və 110 kV olan yarımstansiyalar yerli idarəetmə sistemləri ilə birlikdə yenidən tikilib istismara verilib. Bu yarımstansiyaların dayanıqlı istismarını və onların bir-biri ilə, eyni zamanda, stansiya ilə əlaqələrini təmin etmək üçün 100 kilometrdən artıq güc, nəzarət və ölçü kabelləri çəkilib. Görülən işlər nəticəsində stansiyanın gücü 284 meqavatdan 424 meqavata çatdırılıb. Burada həmçinin müasir tələblərə cavab verən yeni inzibati bina inşa edilib, aşağı gərginlikli paylayıcı qurğular və sabit cərəyan avadanlıqları tamamilə dəyişdirilib. Suqəbuledici qurğuda 6 dəst sipər və onların hidravlik qaldırıcıları bütün avadanlığı ilə birlikdə yeni avtomatik tənzimlənən hidravlik qaldırıcılarla əvəz olunub. Stansiyada 6 dəst işçi sipər, 4 dəst təmir sipəri və 3 xüsusi qaldırıcı kran əsaslı təmir edilib, 5300 millimetr diametrli 4 disk bağlayıcısı yeniləri ilə əvəzlənib. Stansiyanın maşın zalında əsaslı təmir-bərpa işləri aparılıb.Hidroaqreqatlarda və stansiyanın yarımstansiyalarında quraşdırılmış lokal idarəetmə sistemləri stansiyanın mərkəzi idarəetmə sistemi ilə inteqrasiya olunub və enerji sistemi mərkəzi idarəetmə sistemi ilə birbaşa əlaqələndirilib.
Mingəçevir Su Elektrik Stansiyası quraşdırılmış hidroaqreqatların manevr imkanlarına, tənzimlənmə diapazonuna və xarakteristikalarına görə tezliyin tənzimlənməsinin standartla müəyyən edilmiş normalar çərçivəsində aparılmasını təmin edən yeganə elektrik stansiyasıdır. Hazırda burada 130 işçi çalışır.
Həm baş mühəndisin müavini Xəyal Cəfərov, həm də Texniki təhlükəsizlik şöbəsinin rəisi İsa Xanmətov tələbələrin bütün suallarını cavablandırdılar. Tələbələr nəzəri biliklərini təcrübədə tətbiq etdiklərinə görə universitetin rektoru professor Elxan Hüseynov başda olmaqla, fakültəmizin dekanı dosent Tamella Əhmədovaya, Azərenerji ASC-nın vitse prezidenti Z.M.Quliyevə, stansiyanın baş mühəndisinin müavini Xəyal Cəfərov və Texniki təhlükəsizlik şöbəsinin rəisi İsa Xanmətova öz dərin təşəkürlərini bildirdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az