Əsas səhifə | Xəbərlər | SDU-da Dövlət Proqramının ilkin müzakirəsi oldu, işçi qrupu yaradıldı
SDU-da Dövlət Proqramının ilkin müzakirəsi oldu, işçi qrupu yaradıldı
Prezident cənab İlham Əliyevin noyabrın 16-da imzaladığı Sərəncam ilə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edildi. Sərəncama uyğun olaraq noyabrın 23-də Sumqayıt Dövlət Universitetində rektor professor Elxan Hüseynov Dövlət Proqramının icrası ilə bağlı professor-müəllim heyəti ilə müşavirə keçirdi.
Müşavirədə qeyd etdi ki, ölkəmizdə ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə bir çox layihələr həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əsas məqsədi “qara qızılın insan kapitalına çevrilməsi” olmuşdur. Dövlət Proqramının uğurlu icrası cəmiyyət həyatının müxtəlif sahələri üçün milli kadrların yetişdirilməsi ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə marağını xüsusilə artırmışdır. Bu məqsədlə də Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması istiqamətində “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” hazırlanmışdır. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Rektor onu da vurğuladı ki, qəbul olunmuş Dövlət Proqramı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin məntiqi davamıdır. Bu Proqram ölkəmizdə fəaliyyət göstərən digər ali təhsil müəssisələri ilə yanaşı, Sumqayıt Dövlət Universitetində də uğurla nəticələnəcək və beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına, doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin elmi-pedaqoji sahədə tətbiqinə, doktorantura səviyyəsi üzrə təhsil almış məzunların işlə təminatına nail olunacaq. Həmçinin ayrı-ayrı ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparılması, beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsi elmdə müsbət nəticələrə gətirib çıxaracaq.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov Dövlət Proqramının hədəflərindən bəhs edərək bildirdi ki, iki istiqamət üzrə proqram planı hazırlanıb.Sənədin birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulub. Prorektor Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını qeyd etdi. Bildirdi ki, bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri seçiləcək, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətə təlim keçiləcək və tədris proqramları yenilənəcək.
Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanının həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nda Ali təhsil müəssisələrində İKT sahəsində fəaliyyət göstərən tanınmış xarici və yerli şirkətlərin tədris və təcrübə laboratoriyalarının yaradılması və genişləndirilməsi ilə əlaqədar tədbirlər planı haqqında məlumat verdi. Qeyd etdi ki, İKT sahəsində beynəlxalq sertifikatların əldə edilməsi, Ali təhsil müəssisələrində İKT sahəsində fəaliyyət göstərən tanınmış xarici və yerli şirkətlərin tədris və təcrübə laboratoriyalarının yaradılması, İKT ixtisasları üzrə təhsil alan tələbələrin sahə üzrə aparıcı şirkətlərdə və müəssisələrdə təcrübə keçməsi imkanlarının genişləndirilməsi məsələləri qarşıya qoyulmuşdur. Dosent Qafar Atayev onu da qeyd etdi ki, Microsoft şirkətinin Azərbaycanda Təhsil Proqramları Menecerlə görüş keçirmiş, Microsoft İmagine Academy və Tələbələrin sertifikatlaşması,Office 365-da @sdu.edu.az poçt və ünsiyyət xidməti,Universitetin elektron alətləri üçün Microsoft Bulud xidməti – Azure, Universitetdə Microsoft proqram təminatının lisenziyalaşdırılması, Microsoft İmagine Cup müsabiqəsi mövzularında müzakirə aparmışlar.
Sonra hər iki Dövlət Proqramı barədə görüləcək işlər universitetin professor-müəllim heyəti tərəfindən müzakirə olundu, təkliflər irəli sürüldü.
Rektor professor Elxan Hüseynov “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nın icrası ilə bağlı işçi qrupunun yaradılması barədə tapşırıq verdi. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov sədr təyin edildi.
Qısa müddət ərzində həmin sənəd layihələri Elmi Şuranın növbəti iclasında təqdim ediləcək.
 
Mətbuat xidməti

  

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az