Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Hellouin” bayramı qeyd edildi
“Hellouin” bayramı qeyd edildi
Oktyabrın 2-də Filologiya fakültəsinin Xarici dillər kafedrasının və 916-cı qrup tələbələrinin təşkilatçılığı ilə “Hellouin” (ing. Halloween) bayramı qeyd edildi.
Tədbirdə Xarici dillər kafedrasının müəllimi Lamiə Heydərova bu bayramın tarixi və ənənələrindən ətraflı bəhs etdi. Qeyd etdi ki, Hellouin ənənələri qədim Keltlərin məhsul bayramından, xüsusilə Qalların “Samhain” mərasimindən qaynaqlanır. “Samhain” adlı mərasim ölüm simvolu olan qışın gəlişi ilə bağlı idi və həmişə payızın son günlərində qeyd olunurdu. Sonradan kilsə xalq arasında olan bu bayramı özünküləşdirmək məqsədilə “Müqəddəslər günü”nü bu ərəfəyə saldı. Bugünkü Hellouin kostyumlarının xristian inanclarından təsirləndiyi düşünülür. Bəzi mənbələrə görə, həmin gün o dünya və bu dünya arasındakı qapı açılır və ölmüş insanların ruhları və eləcə də ziyanverici ruhlar da evlərə soxula bilər. Odur ki, qorxulu balqabaq və makiyajlar onları qorxudub qaçırmaq niyyəti daşıyır.Bayramın bir çox simvolları var. Bir sıra ölkələrdə qara qüvvələrin rəmzi olan müxtəlif şəkillər, hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkirlər. Bayramın əsas simvolu “Cek fənəri”dir (ing. Jack -o’-lantern). O, içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və içərisinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyulur. Bayram zamanı uşaqlar cin və ya cadugər paltarında qapı-qapı gəzib şirniyyat yığırlar. XIX əsrdə Amerika Birləşmiş Ştatlarına köç edən İrlandiyalı miqrantlar özləri ilə Hellouin bayramını da bu ölkəyə gətirmiş oldular. ABŞ mədəniyyətinin güclü təsiri sayəsində bu bayram bütün dünyada qeyd olunmağa başladı. Hal-hazırda bu bayram ölkəmizdə də əyləncəli tədbirlər silsiləsinə daxil edilir. Lamiə Heydərova onu da qeyd etdi ki, tədbirin məqsədi xarici dili öyrənən tələbələri ixtisas dilinin milli-mədəni dəyərləri və “Hellouin” bayramının yaranma tarixi ilə tanış etmək, eləcə də tələbələrin ingilis dili üzrə biliklərini nümayiş etdirmək idi.
Tədbirdə Fulbrayt ingilis dili müəlliminin köməkçisi proqramının (Fullbright ETA) iştirakçısı Cek Moris dünyanın müxtəlif ölkələrində “Hellouin” adət-ənənələri barəsində təqdimatla çıxış etdi.
Daha sonra Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova tədbirlə bağlı öz xoş təəssüratlarını bölüşdü.
Tələbələr“Hellouin” bayramının yaranma tarixindən bəhs edən qısa filmə baxdılar, bayramla bağlı ingilis dilində mahnı ifa etdilər və şeirlər söylədilər. Mövzu ilə bağlı ingiliscə zarafatlar və suallar tədbir iştirakçılarının marağına səbəb oldu.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az