Əsas səhifə | Xəbərlər | Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi
Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi
Oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq əlamətdar gün münasibətilə bütün Azərbaycan müəllimlərini təbrik etdi, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzuladı. Qeyd ki, Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından və təhsil işçilərinin qazandıqları uğurlardan ətraflı bəhs edən rektor bildirdi ki, bu gün Sumqayıt Dövlət Universitetinin təhsildə qazandığı uğurlar məhz universitetdə çalışan müəllimlərin əməyi sayəsində ərsəyə gəlib. Bir sözlə, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, daha da inkişaf edir. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Rektor professor Elxan Hüseynov Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi, təhsil sahəsinin də inkişaf etməyə başladığını və Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dönməz xarakter aldığını, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası yönündə uğurlu addımlar atıldığını vurğuladı. Rektor onu da qeyd etdi ki, bu illərdə təhsilin inkişafı ilə bağlı bir çox dövlət proqramları qəbul edildi, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi “qara qızılı insan kapitalına çevirmək” siyasəti nəticəsində ölkəmizdə insan kapitalının inkişafı istiqamətində böyük uğur qazanıldı, həyata keçirilən bütün bu tədbirlər ümumi təhsildə keyfiyyətin yüksəlməsinə böyük töhfələr verdi. Ölkədə təhsil sahəsində yaddaqalan uğurlar əldə olundu. Aparılan uğurlu təhsil siyasəti nəticəsində cəmiyyətdə müəllim nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi, təhsil işçilərinə hərtərəfli qayğı isə dövlətin öz gələcəyini etibarlı və inamlı görmək əzmini daha da artırdı, bu da müəllimlərin yaradıcılıq imkanlarını genişləndirdi. Bütün bu uğurlar Prezident cənab İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur.
Sonra universitetin ictimai həyatında yüksək fəallıq göstərdiklərinə, uzunmüddətli elmi-pedaqoji fəaliyyətlərinə və təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim universitet rəhbərliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Konfederasiyası, o cümlədən universitetin Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundular.
Bayram tədbirində universitetin “Səma” rəqs ansamblı və respublikamızın tanınmış incəsənət xadimləri öz rəngarəng çıxışları ilə universitetin professor -müəllim heyətini təbrik etdilər.
Tədbir konsert proqramı ilə davam etdi.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az