Əsas səhifə | Xəbərlər | Təhsil Nazirliyində kollegiya iclası keçirildi
Təhsil Nazirliyində kollegiya iclası keçirildi
Sentyabrın 13–də Təhsil Nazirliyində kollegiya iclası keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, kollegiya üzvləri, nazirliyin struktur bölmə rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak etdilər.
Təhsil naziri cənab Ceyhun Bayramov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə olunan uğurlu nailiyyətlərdən danışdı, bu sahədə aparılan əsaslı islahatları diqqətə çatdırdı.
Təhsil nazirinin müavini Firudin Qurbanov “Paris Nazirlər Konfransının nəticələri və qarşıda duran əsas vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. Nazir müavini çıxışında bu il mayın 23-dən 25-dək Azərbaycan nümayəndə heyətinin də qatıldığı Parisdə Avropa Ali Təhsil Məkanı Ölkələri Təhsil Nazirlərinin konfransı və Bolonya Təhsil Siyasəti Forumunda 77 ölkədən, eləcə də 40 beynəlxalq və regional təşkilatdan ümumilikdə 550 nəfərin iştirak etdiyini vurğuladı.
F.Qurbanov Paris Nazirlər Konfransı Bəyannaməsi və Bolonya Siyasət Forumu Bəyannaməsinin əsas müddəaları barədə məlumat verdi. Nazir müavini bildirdi ki, Paris Nazirlər Konfransı Bəyannaməsində diplomların tanınması üzrə Lissabon Konvensiyasının tətbiqi sahəsində problemlərin həllinin diqqətdə saxlanılacağı, “ERASMUS+” proqramı, mobillik, inklüzivlik, ömürboyu təhsil, fənlərarası əməkdaşlıq, elm, təhsil və innovasiya sahəsində sinerjinin inkişafı məsələlərinin dəstəklənməsi qeyd olunur. Eyni zamanda ali təhsilin rəqəmsal mühitdə çalışa biləcək mütəxəssis hazırlığına istiqamətləndirilməsi təşviq edilir.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin “2018 - 2019-cu tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri barədə” məruzəsi dinlənildi. Şöbə müdiri ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının statistik təhlili, son beş tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak edən abituriyentlərin imtahan ballarında əhəmiyyətli artımın olması və müəllimlik peşəsinin yüksələn nüfuzu ilə bağlı geniş məlumat verdi.
Kollegiya iclasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasındakı əməkdaşlığın vəziyyəti, əldə olunmuş uğurlar və əsas çağırışlar barədə məsələlərə toxundu.
Sonra məruzələr ətrafında çıxışlar dinlənilib, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirildi.
Təhsil naziri cənab Ceyhun Bayramov təhsilin inkişafı ilə bağlı fikirlərini bildirdi. Kollegiya iclasında, həmçinin “Ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi qayda və əsasnamələrin müzakirəsi və təsdiqi barədə”, “2018 - 2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri”, “2019 - 2020-ci tədris ili üzrə buraxılış imtahanları və ali təhsil müəssisələrinə tələbə qəbulunun yeni formatı” və “Ümumi təhsil müəssisələrinin reytinqinin konsepsiyası” mövzularında məruzələr dinlənildi.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az