Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təhsil Nazirliyinin və UNICEF-in nümayəndələri SDU-da oldular
Təhsil Nazirliyinin və UNICEF-in nümayəndələri SDU-da oldular
Sentyabrın 5-də Təhsil Nazirliyinin və UNICEF-in nümayəndələri Sumqayıt Dövlət Universitetində oldular.
Rektor professor Elxan Hüseynov qonaqları salamladı və onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi, universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri  və beynəlxalq əlaqələrindən bəhs etdi. Bildirdi ki, SDU dünyanın bir çox aparıcı ali təhsil müəssisələri, həmçinin beynəlxalq şirkət və qurumları ilə əməkdaşlıq edir. 
Rektor UNICEF tərəfindən bütün dünyada uşaqların vəziyyətinin yaxşılaşdırılması naminə aparılan fəaliyyətdən söhbət açdı, uşaqların rifahı, sağlamlığı və təhsilinin təmin edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirdi. Qeyd etdi ki, bu gün, ümumiyyətlə, təhsildən, gənc nəsildən, uşaqlarımızdan danışırıqsa, demək ki, ölkəmizin gələcəyindən danışırıq. Çünki Azərbaycanın sabahını, gələcəyini bu uşaqlar təmin edəcəklər. Bu gün ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər təqdirəlayiqdir. Belə ki, Prezident cənab İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2018 – 2024-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası buna əyani sübutdur. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində əlil tələbələr üçün xüsusi şərait yaradılıb. Əlilliyi olan tələbələr üçün mərkəz təşkil olunub. Həmçinin universitetimizlə Əlil Təşkilatları İttifaqı arasında Azərbaycanda inklüziv cəmiyyətin formalaşmasına dəstək və əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması istiqamətində elm, tədris və təcrübənin təmin edilməsi məqsədi ilə müqavilə imzalanmışdır. Universitetimizin əməkdaşları 2013–2016-cı illərdə “ESFIDIP 543649-TEMPUS-1 Əlillərin Azərbaycan Ali Təhsil Müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” layihəsində də iştirak edərək sertifikata layiq görülmüşlər.
Görüşdə Təhsil Nazirliyinin nümayəndəsi Orxan Abbasov, UNICEF–in  Azərbaycanın təhsil üzrə mütəxəssisi Leyla Həsənova, layihənin beynəlxalq eksperti Peter Grimes,  ekspertin köməkçiləri Arlene Dela Gruz, Kaisa Sol Gruz iştirak etdilər. Bildirdilər ki, bu gün Sumqayıt Dövlət Universitetində olmaq bizim üçün böyük şərəfdir.
Təhsil Nazirliyinin nümayəndəsi Orxan Abbasov çıxış edərək Avropa İttifaqı tərəfindən maliyyələşdirilən  “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin UNICEF tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə tərəfdaşlıq şəraitində 2018-2020-ci illərdə həyata keçiriləcək. Layihənin əhəmiyyətindən söhbət açan natiqlər qeyd etdilər ki, inklüziv təhsil modularının milli pedaqoji təhsil proqramına daxil edilməsi ilkin pedaqoji təhsil və ixtisasartırma təhsili alan müəllimlərin inklüziv təhsilə dair biliklərini və potensialını artıracaq. Bu da müəllimlərin bacarıqlarını  və verilən təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
UNICEF–in  Azərbaycanda təhsil üzrə mütəxəssisi Leyla Həsənova çıxışında qeyd etdi ki, UNICEF 1993-cü ildən etibarən Azərbaycanda yaşayan uşaqların həyatını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan hökuməti, yerli QHT-lər və icma təşkilatları ilə tərəfdaşlıq edir. UNICEF-in ölkədəki rolu ölkədə müşahidə olunan sürətli inkişaf tempinə uyğun olaraq artır. Əgər öncə UNICEF-in fəaliyyəti birbaşa yardım vasitəsilə bir neçə min uşağa təsir edirdisə, bu gün təşkilatın əsas məqsədi sistematik dəyişiklikləri təmin etmək və bütün Azərbaycan uşaqlarının həyatına təsir etməkdir. Əlbəttə ki, onlar daha yaxşı həyata layiqdirlər. Azərbaycanın uşaq və gənclər siyasəti sahəsində əsaslı irəliləyişlərə imza atdığını qeyd edərək BMT-nin Uşaq Fondunun praktiki əsasda Azərbaycan tərəfi ilə qurulmuş əməkdaşlıqdan məmnun olduğunu söylədi. Leyla Həsənova BMT-nin Uşaq Fondunun ölkə üzrə 2016–2020-ci illəri əhatə edən yeni proqramının qəbul olunmasının gələcək əməkdaşlıq üçün yeni perspektivlər müəyyən edəcəyini də diqqətə çatdırdı.
Layihənin beynəlxalq eksperti Peter Grimes, ekspertin köməkçiləri Arlene Dela Gruz, Kaisa Sol Gruz, SDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov, Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov, Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova layihə haqqında ətraflı çıxış etdilər və layihə haqqında təkliflər irəli sürdülər.
Görüşdə Sumqayıt Dövlət Universiteti  ilə  UNICEF arasında əməkdaşlığın uğurla davam etdiriləcəyi  bildirildi. 
Sonda qonaqlar Əlilliyi olan tələbələr üçün mərkəzin işi ilə tanış oldular.
 
  
  

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az