Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir
Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə olunur.  “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı  cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradır. Gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar ölkəmizin inkişafına töhfələr verir.Regionun və respublikamızın nüfuzlu ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti bu gün təkcə maddi-texniki bazası, yetişdirdiyi mütəxəssislərlə deyil, həm də mükəmməl kadr potensialı ilə nüfuz sahibidir. Bu ali təhsil müəssisəsinin iqtisadi və sosial sahələr üzrə ixtisaslı kadr hazırlığı istiqamətində özünəməxsus yeri var. Ölkəmizin sənaye şəhəri olan Sumqayıtın adını daşıyan universitet fəaliyyətə başladığı gündən keçən müddət ərzində təhsilimizin, elmimizin tərəqqisinə daim öz töhfələrini vermiş, nəinki respublikamızın, o cümlədən də dünyanın bir sıra ölkələri üçün yüzlərlə alim və mütəxəssis hazırlamış, böyük zəhmət hesabına məsuliyyətli və şərəfli bir yol keçmişdir. Əldə olunan nailiyyətlər sübut edir ki, Sumqayıt Dövlət Universiteti hər zaman fəaliyyətinin təkamül dövrünü yaşayaraq, kadr potensialının gücləndirilməsi üçün bütün mövcud imkanlardan istifadə etmiş, illər keçdikcə mütəxəssis hazırlığının sayı artmış və məzunlarının hesabına Sumqayıt sənaye müəsissisələrində kadr problemləri tədricən həll olunmuşdur. Bu ali təhsil ocağı Avropa təhsil məkanına inteqrasiya istiqamətində mütəmadi olaraq uğurlu addımlar atır, dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələrini genişləndirir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi–pedaqoji mübadilələr həyata keçirir. 
Rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə kompleks inkişaf strategiyası ilə uğurlara imza atan Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir. Gənc kadrların, mütəxəssislərin tədris prosesinə cəlb olunması bu uğurların davamlı olduğunu  bir daha nümayiş etdirir. Bir qrup əməkdaş və məzunlarımız yeni tədris ilindən laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlayacaqlar. Rektor professor Elxan Hüseynov gənclərə uğurlar, fəaliyyət sahələrində nailiyyətlər arzulayaraq, yeni tədris ilində laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlayacaq gənclərin SDU-nun gələcək inkişafında xüsusi xidmətləri olacağını vurğulayaraq onları bir daha təbrik etdi. Bildirdi ki, hər bir gənc gələcəyini müəyyənləşdirmək üçün müəyyən bir sahədə əmək fəaliyyətinə başlamalıdır. Amma müəllim, alim kimi şərəfli ömür hər kəsə nəsib olmur. Xoşbəxt o insandır ki, bilik və bacarığını insanların, vətəndaşların peşəkar kadr kimi formalaşmasına, inkişafına həsr edir. Müəllim, alim ömrü kimi şərəfli missiyanı yerinə yetirir. Biliyini, bacarığını yetirmələrinin beyinlərinə köçürür. Ardıcıllar, davamçılar yetişdirir. Ölkənin, vətənin gələcək inkişafına, milli-mənəvi dəyətlərin intibahına töhfələr verir.
Yeni tədris ilindən müəllim kimi fəaliyyətə başlayacaq İqtisadiyyat və idarəetmə fakültəsi üzrə İlqar Osmanov, Sədaqət Əliyeva, Samirə Seyidova, Dilarə Əmiraslanova, Aidə Tağıyeva, Yeganə Abdullayeva,  Tarix və coğrafiya fakültəsi üzrə Məhbubə Hacıyeva, Bənövşə Cəlalzadə, Jalə Fərhadova, Riyaziyyat fakültəsi üzrə Nicat Həsənli, Filologiya fakültəsi üzrə Elşad Əliyev rektor professor Elxan Hüseynova  dərin təşəkkürlərini bildirdilər. Qeyd etdilər ki, ölkə başçısının həyata keçirdiyi gənclər siyasəti, gənclər üçün yaratdığı imkanlar hər bir Azərbaycan gəncinin təhsil və ictimai fəaliyyətdə öz bacarığını nümayiş etdirməsinə səbəb olub. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən gənclər siyasəti öz unikallığı və şaxəliliyi ilə digər dövlətlər tərəfindən öyrənilir və nümunə göstərilir. Bu sevinci bizə, bizim timsalımızda gənclərə bəxş edən, öz qayğısını üzərimizdən əskik etməyən rektorumuza bir daha dərin təşəkkürlərimizi bildirir və öz elmi və ictimai fəaliyyətimizlə bütünlüklə universitetimizi layiqincə təmsil edəcəyimizə söz veririk.
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az