Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sentyabrın 5-də "Hyatt Regency" otelində “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” ictimai birliyinin (ASAİF) XII Forumu keçirilib
Sentyabrın 5-də "Hyatt Regency" otelində “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” ictimai birliyinin (ASAİF) XII Forumu keçirilib

Öncə forum iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhuna hörmət və ehtiramlarını bildiriblər. Daha sonra iştirakçılar ölkəmizin müstəqilliyi uğrunda həlak olanların uyuduğu Şəhidlər Xiyabanını da ziyarət ediblər.
Dövlət Himninin səslənməsi ilə start verilən Forumun açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.
Forumda giriş sözü ilə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Ə.Həsənov çıxışında xaricdə  təhsil alanların əlaqələndirilməsinin və şəbəkə şəklində fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Bu sahədə Rusiyada fəaliyyət göstərən və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR-un fəaliyyətini nümunə kimi önə çəkən Əli Həsənov bildirib ki, gənclərimiz təhsil aldıqları ölkənin mədəni həyatına inteqrasiya etməli, vətənimizin mədəniyyət elçilərinə çevrilməlidirlər. Təhsilini yüksək səviyyədə  davam etdirməklə bərabər xalqımızın tarixi mədəni dəyərlərini təblığ etmək, münaqişədənkənar Azərbaycan obrazını yaratmaq hər bir xaricdə təhsil alan gəncin ümdə vəzifələrindən biridir.
Əli Həsənov onu da vurğuladı ki, ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın dövlət siyasətində gənclərlə iş proritet sahələrdən birinə çevrildi, gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməyə başladılar. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildən Gənclər Forumları keçirilməyə başladı, bir sıra normativ-hüquqi aktlar və proqramlar qəbul olundu. bütün bunlar gənclərin hərtərəfli inkişafına imkan yaratdı.
2003-cü ildən sonra isə Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nı təsdiq etməklə, gənclərə müstəsna diqqət və qayğısını nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, regionlardakı gənclər mərkəzlərinin və evlərinin yaradılması ilə dövlətçiliyimizin möhkəmləndirilməsində gənclərin yaxından iştirakına əlavə stimul verdi.
Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal altındakı torpaqlarımızın azad olunması, Azərbaycanın dünya birliyində  layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. Xaricdə təhsil alan və məzun olmuş gənclərimiz bu işdə səfərbər olmalı, Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər. Onlar oxuduqları ali məktəblərdə, olduqları auditoriyalarda hər fürsətdə faktlara əsaslanan təbliğatla məşğul olmalıdırlar.       
Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, əsasını ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ölkəmizin inkişafının strateji milli siyasi xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin formalaşması üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu baxımdan “Xaricdə təhsil üzrə Dövlət Proqramı” gənclərin təhsil almaları üçün bərabər imkanların təmin edilməsində mühüm rol oynayır və ölkəmizdə insan kapitalının keyfiyyətinin artırılmasına imkan yaradır. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil sahəsində aparılmış islahatlardan söz açaraq bunun gənclərimizin daha yaxşı təhsil almaları və hərtərəfli inkişafına şərait yaratdığını vurğulayıb.
Gənclərimizin dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ali təhsil ocaqlarında dövlət hesabına təhsil almaları Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Nazir dünya universitetlərində təhsil alan və məzun olmuş gənclərlə işlərin bundan sonra daha da genişləndiriləcəyini diqqətə çatdırıb.
Gənclər və idman naziri Azad Rəhimov ölkəmizin dünyada tanınmasında gənclərimizin böyük rol oynadığını bildirib. O qeyd edib ki, gənc nəslin təhsilinə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır. Dünya idman arenalarında bayrağımızı ucaldan hər bir gənc həm də ölkəmizin nüfuzunun artmasına öz töhfəsini verir.
ASAİF-in idarə heyətinin üzvü Fariz Cəfərov çıxış edərək bildirdi ki, XII Forumda Böyük Britaniya, Türkiyə, Almaniya, Fransa, Avstraliya ,İsveçrə, rusiyada təhsil alan 300-dən çox tələbə və məzun iştirak edir.
F.Cəfərov diqqətə çatdırdı ki, XII Forumun məqsədi Azərbaycan Respublikasının qarşısında duran yeni çağırışlarla əlaqədar ASAİF-in fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün rəy və təklifləri dinləyib müzakirə etmək və yeni istiqamətləri müəyyənləşdirməkdir. Bildirildi ki, ASAİF üzvləri müasir tələblərə cavab verən “bilik cəmiyyəti” və “bilik iqtisadiyyatı” qurulması işinə əməli dəstək verməli, bu prosesdə yaxından iştirak etməlidirlər. Onlar ölkənin ictimai həyatı ilə daha yaxından maraqlanmalı, dövlət quruculuğu prosesinə müsbət töfhə verməlidirlər. Bunun üçün ASAİF-in idarəetmə modeli yenilənməli, strateji plan hazırlanmalı, yeni hədəflər müəyyənləşdirilməli, təşkilatlanma işinə daha ciddi fikir verilməlidir.
Vurğulandı ki, dövlətimizin maraqlarının beynəlxalq aləmdə qorunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun acı nəticələri barədə dünya ictimaiyyətinin məlumatlandırılması, zəngin Azərbaycan mədəniyyəti və tarixinin təbliği gənclərimizin əsas vəzifələri olmalıdır.  
Sonra Forum iştirakçılarının sualları ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fuad Muradov iştirak ediblər. Aparılan müzakirələr zamanı bir fikir xüsusi vurğulanıb ki, xaricdə təhsil alan tələbələr və məzun olaraq çalışan vətəndaşlarımız yüksək səviyyəli mütəxəssis olaraq ölkəmizi layiqli təmsil etməli, milli mənafelərimizin və dəyərlərimizin qorunması sahəsində əməli işlər görməlidir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az