Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimiz "Sabahın alimləri" IV Respublika müsabiqəsində uğur qazandı
Universitetimiz "Sabahın alimləri" IV Respublika müsabiqəsində uğur qazandı

Fevralın 12-də Heydər Əliyev Mərkəzində "Sabahın alimləri" IV Respublika müsabiqəsinin açılış mərasimi keçirildi.
Bildiyiniz kimi, "Sabahın alimləri" müsabiqəsi hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Bu müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edirdi. Onlardan 39-u fərdi, 67-si kollektiv layihə idi. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri də layihələr təqdim etdilər.
 Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin üzvləri, Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, İntel korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva və Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov iştirak etdilər. Tədbirdə həmçinin digər dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları, təhsil ekspertləri və təhsil müəssisələrinin rəhbərləri təmsil olunurdu.
Təhsil naziri Mikayıl Cabbarov qeyd etdi ki, "Sabahın alimləri" IV Respublika müsabiqəsinin ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilməsi təsadüfi deyil. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan gəncliyinin və təhsilinin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərib. Ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin miras qoyduğu milli təhsil quruculuğu bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Nazir "Sabahın alimləri" IV Respublika müsabiqəsinin keçirilməsinin əsas məqsədinin yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarət olduğunu bildirdi. Təhsil naziri innovativ fikir yarışması olan bu müsabiqənin gənclərə müxtəlif problemlərin elmi həll yollarını axtarıb tapmağa kömək edəcəyini nəzərə çatdırdı.
Universitetimizin Fizika və Elektroenergetika fakültəsinin dosenti Samir Orucovun rəhbərliyi altında bu müsabiqədə Sumqayıt şəhərinin TETG, TTEL, “Təfəkkür” liseyi, “İstedad” liseyi, 31, 21 və 9 saylı ümumi təhsil müəssisələrinin IX-XI-ci siniflərdə təhsil alan 39 şagird, 19 layihə ilə iştirak edirdi. Müsabiqəyə təqdim olunan bu layihələrdən 6-sı II və III yerlərə layiq görüldü və onların müəllifləri olan  şagirdlər gümüş və bürünc medallarla təltif olundular.
Dosent İslam Paşayevin rəhbərliyi ilə Təfəkkür liseyinin 10-cu və 11-ci sinif şagirdləri Rəşad Şahvələdov və Müslüm Nəsiyevin “Səsin difraksiyası qanunundan istifadə etməklə havadakı çirklənmənin qarşısının alınması”, dos. Əli Mehrəliyevin rəhbərliyi altında Təfəkkür liseyinin 9-cu sinif şagirdi Mirmərdan Məmmədovun “Köhnəlmiş şinlərdən alternativ enerjinin alınması”, dos. Vaqif Səttarovun rəhbərliyi ilə İstedad liseyinin 9-cu sinif şagirdləri Kamran Murtuzov və Rüstəm Dəmirovun “Transformator vasitəsilə elektrik cərəyanının minimum itkilərlə müəyyən məntəqələrə çatdırılması”, dos. Hüsniyyə Məmmədovanın rəhbərliyi ilə  TTEL-in 10-cu sinif şagirdləri Leyla Abbasova və Arzu Səfərovanın “Sinir sistemi pozğunluqları və onun aradan qaldırılması üçün istifadə olunan dərman bitkilərinin araşdırılması və kimyəvi tərkibinin öyrənilməsi”, dos. Zakir Fərhadovun rəhbərliyi ilə  TETG-in 11-cu sinif şagirdi Sevinc Qasımovanın “Elektrik təchizat sistemində reaktiv gücün intellektual tənzimləmə qurğusu” layihələri ilə üçüncü yeri tutdular. 
Xumar Axundovanın rəhbərliyi altında 31 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri Rəhilə Hacıyeva və Fidan Məhərrəmovanın “Bəzi dərman bitkilərinin tərkibində olan efir yağlarının aktifunqal və antihelmint təsiri” layihəsi ikinci yeri tutaraq gümüş medalla mükafatlandırıldı.
"Sabahın alimləri" IV Respublika müsabiqəsinin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal və mükafat təqdim olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az