Əsas səhifə | Xəbərlər | Universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş idman spartakiadasına start verildi
Universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş idman spartakiadasına start verildi
Fevralın 7-də Azərbaycan  Xalq   Cümhuriyyətinin yaradılmasının  100 illiyinə həsr  olunmuş  Sumqayıt Dövlət Universitetinin və SDU-nun  nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin  əməkdaşları arasında komanda  və  şəxsi  3 növ  üzrə ( şahmat, dama, nərd)  yarış keçirildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq   Prezident cənab  İlham Əliyevin  2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi  ilə əlaqədar verdiyi sərəncamı yüksək qiymətləndiridi və qeyd etdi ki,  Azərbaycanın çox- əsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əlamətdar hadisə olmuş və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən birini təşkil etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. AXC ölkəmizin mili dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir. Ulu öndər Heydər Əliyevin  qeyd etdiyi kimi, Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. 
Rektor onu da vurğuladı ki, universitetimizdə Azərbaycan  Xalq   Cümhuriyyətinin yaradılmasının  100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Ölkəmiz müstəqillik qazandıqdan sonra  hər bir sahədə olduğu kimi idman  sahəsində də böyük uğurlara imza atmışdır. Bizim idmançılar Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Fərəhlə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin həyatın bütün sahələrində başladığı və uğurla həyata keçirdiyi möhtəşəm işlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək sürətlə davam etdirilməkdədir. İldən-ilə artan uğurlarımız Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən qabaqcıl ölkələrindən birinə çevirmişdir,  sizi bu bayram münasibəti ilə təbrik edir, yarışda qalibiyyət arzu edirəm. 
 SDU-nun  İdman klubunun müdiri Əməkdar  məşqçi dosent Zakir Məmmədov bildirdi ki,  əməkdaşların ənənəvi fakültələrarası (idmanın üç növü:şahmat, dama, nərd) spartakiadası  fevral ayının 7-dən 14-dək keçiriləcəkdir.  Yarışa ilk olaraq şahmatçı əməkdaşlar qatıldılar. İdman klubunun məşqçisi Mirvari Kərimovanın  rəhbərliyi altında keçirilən yarışda universitetin bütün fakültələri  iştirak etdi.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az