Əsas səhifə | Xəbərlər | “2 fevral Gənclər günü” qeyd edildi
“2 fevral Gənclər günü” qeyd edildi

Gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Fevralın 1-də Sumqayıt Dövlət Universitetində Gənclər Günü ilə əlaqədar təntənəli tədbir keçirildi. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Rektor professor Elxan Hüseynov çıxış edərək tədbir iştirakçılarını salamladı, gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi və ölkəmizdə gənclərlə işin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğuladı, bu sahədə əldə edilən nailiyyətlərdən danışdı. Bildirdi ki, ölkəmizdə gənclərə belə böyük dəyərin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin 1997-ci ildə imzaladığı Fərmanla MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral – Gənclər günü Azərbaycanda qeyd olunmağa başlanmışdır. Azərbaycanda dövlət gənclər siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, gənclərimizə qayğı və dəstəyin göstərilməsinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Rektor dövlət gənclər siyasətinin sağlam və intellektual nəslin formalaşmasına xidmət etdiyini və Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır. Bu gün Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan siz gənclər müstəqil dövlətimizin inkişafı üçün səylə çalışmalı və ölkə prezidentinin etimadını doğrultmalısınız.
Gənclər adından Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Fəqan Səfərəliyev çıxış edərək respublikada həyata keçirilən gənclər siyasətinin uğurlarından, dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan  bəhs etdi. Azərbaycan gəncliyinin potensialının müasir dövrün tələblərinə uyğun inkişafında, yeni nəsildə daha güclü vətəndaşlıq mövqeyinin formalaşdırılmasında Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın əhəmiyyətindən danışdı. 
Universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup gənc universitetin rektoru professor Elxan Hüseynov tərəfindən fəxri fərmanla təltif olundu.
Çıxışlardan sonra tədbir musiqi proqramı ilə davam etdirildi. Tədbirdə həmçinin Gənclər Günü ilə əlaqədar maraqlı müsabiqə keçirildi, qaliblər qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az