Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycanda ilk dəfə Beynəlxalq Coğrafi İmla – 2017 tədbiri keçirildi
Azərbaycanda ilk dəfə Beynəlxalq Coğrafi İmla – 2017 tədbiri keçirildi

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında “Coğrafi imla – 2017” adlı beynəlxalq layihə həyata keçirildi. İlk dəfə 2015-ci ildə Rus Coğrafiya Cəmiyyəti (RCC) tərəfindən Rusiyada keçirilmiş layihə bu il beynəlxalq səviyyəyə çıxarıldı.
Rus Coğrafiya Cəmiyyəti tarixən rus xəritəşünaslığının mərkəzlərindən biri olub. V.Y.Struve, F.F.Şubert, N.D.Artamonov, K.A.Salişşev kimi məşhur geodezist, topoqraf və kartoqraflar bu cəmiyyətin üzvləri olublar. Cəmiyyətin kartoqrafiya toplusu 1845-ci ildə cəmiyyətin yaradıldığı vaxtdan formalaşmağa başlayıb. Bu gün həmin topluda 40 minə yaxın nadir atlas və xəritə var. Son illərdə isə yeni buraxılmış kartoqrafiya materialları və geoloji informasiya xarakterli məlumatlar hesabına, o cümlədən cəmiyyətin qrant dəstəyi sayəsində həmin toplunun həcmi əhəmiyyətli dərəcədə artıb. 2015-ci ildə RCC-nin Qəyyumlar Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilk dəfə Ümumrusiya Coğrafi İmla tədbiri keçirildi.
Beynəlxalq Coğrafi imla əhalinin coğrafi savad səviyyəsinin qiymətləndirilməsinə yönəlmiş genişmiqyaslı təhsil aksiyasıdır. 2017-ci ildə İmla artıq beynəlxalq səviyyəyə çatıb və noyabrın 26-da dünyanın 25-dən çox ölkəsində (o cümlədən Rusiya, Azərbaycan, Argentina, Çexiya, Danimarka, Böyük Britaniya, Norveç, Türkiyə, Monteneqro və başqa dövlətlərdə) imla keçirilməsi məqsədilə məxsusi olaraq hazırlanmış regional məkanlar fəaliyyət göstərdi. Rus dilində keçirilən coğrafi imlada iştirak etmək könüllü idi. İmla müxtəlif çətinlik dərəcəli 3 bloka bölünmüş 30 test tapşırığından ibarət idi. Birinci blokdakı suallar coğrafi anlayış və terminlərlə bağlı biliklərə aid idi. İkinci blok xəritə ilə işləmək bacarıqlarının yoxlanmasına, üçüncü blok isə səyyahların gündəliklərindəki qeydlərə və bədii əsərlərdən seçilmiş parçalara əsasən coğrafi obyektlərin təyin edilməsinə yönəlmişdi.
MDU-nun Bakı Filialında Beynəlxalq İmlada iştirak etmək arzusunda olanların sayı 800-dən çox idi. Qeyd etmək lazımdır ki, Filial bu tədbirin keçirilməsi üçün ən böyük məkanlardan birini təqdim etdi və imla iştirakçılarının sayına görə Rusiyadan xaricdəki məkanlar arasında birinci oldu.
Coğrafi imlanın bütün iştirakçılarına sertifikatlar verildi. Qeyd edək ki, tədbirdə universitetimizdən 55 nümayəndə iştirak etdi, dosent Vüsalə Babacanovaya, assient Aynur Məmmədovaya, tütor Mehman Kazımova şəhadətnamə və qiymətli hədiyyələr verildi. İmlanın nəticələri dekabrın 25-də elan ediləcək.

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az