Əsas səhifə | Xəbərlər | “Funksional monomerlər və xüsusi xassəli polimer materiallar: problemlər, perspektivlər və praktiki baxışlar” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
“Funksional monomerlər və xüsusi xassəli polimer materiallar: problemlər, perspektivlər və praktiki baxışlar” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi

Noyabrın 15-də Sumqayıt Dövlət Universitetində AMEA –nın Polimer Materialları İnstitutu ilə birgə SDU-nun 55 illik yubileyinə həsr olunmuş “Funksional monomerlər və xüsusi xassəli polimer materiallar: problemlər, perspektivlər və praktiki baxışlar” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi. Konfransda əyani və qiyabi formada Türkiyə, Rusiya, Gürcüstan,  Özbəkistan və digər ölkələrin alimləri iştirak etdilər. 
Konfransı rektor professor Elxan Hüseynov açaraq qonaqları salamladı, onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi,  kimya sənayesinin tarixi, əldə olunan nailiyyətlər və perspektivlərdən bəhs etdi. Bildirdi ki,1969-ci ildən başlayaraq ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında bütünlüklə yeni bir dövr  sürətli inkişaf, intibah dövrü başlamışdı. Ulu öndər Heydər Əliyev rəhbərliyə başladığı ilk gündən sənayenin və kənd təsərrüfatının bütün sahələri sürətlə inkişaf etmiş, elm və mədəniyyət sahəsində böyük uğurlar qazanılmış, respublikanın iqtisadi potensialı güсlənmişdi. Qətiyyətlə demək olar ki, qazandığımız uğurlar Ulu Öndərin Azərbayсan iqtisadiyyatının mühüm və vaсib strateji sahələrindən olan neft-kimya sənayesinin inkişafına göstərdiyi diqqət və qayğının real nətiсəsidir. Dahi rəhbərin ölkənin kimya müəssisələrində iqtisadi cəhətdən daha səmərəli yeni istehsalat sahələrinin yaradılmasında, mövcud sex və istehsalatların genişləndirilməsində və mütərəqqi texnologiyalar əsasında modernləşdirilməsində xidmətləri əvəzsizdir. Yalnız yaşadığı dövrü yox, Ulu Öndərimiz hakimiyyətdə olduğu illərdə kimya sənayesinin kompleks inkişafı və kimyaçıların sosial-mədəni həyatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Neft-kimya sənayesi bu gün özünün inkişaf dövrünü yaşayır. Rektor onu da vurğuladı ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuşdur. Azərbaycanda neft-kimya sənayesinin perspektiv inkişafına xüsusi diqqət yetirən Prezident cənab İlham Əliyevin Sumqayıtda bir çox müəssisəni özündə birləşdirəcək Kimya Sənaye Parkının yaradılması ilə bağlı təşəbbüsü də ölkə iqtisadiyyatında mühüm rola malikdir. Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və yeni-yeni uğurlara imza atır.
Rektor çıxışında onu da diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universiteti ölkəmizin elmi potensialının inkişafı naminə yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində uğurlu addımlar atır. Bu məqsədlə də Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu ilə qarşılıqlı əlaqələrimiz inkişaf edir və universitetimizin PMİ-də  “Polimer materiallarının texnologiyası” baza kafedrası yaradılmışdır. Baza kafedrası respublikanın, xarici kimya müəssisələrinin və şirkətlərinin tələblərini tam təmin etmək məqsədi ilə mütəxəssislər hazırlayır. Bu gün Sumqayıt Dövlət Universiteti şəhərimizdəki sənaye müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, nəticə etibarilə də kimya və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrimiz həmin  müəssisələrdə təcrübə keçir, gələcəyin ixtisaslı kadr potensialı kimi formalaşırlar. 
Polimer Materialları İnstitutunun direktoru, AMEA – nın müxbir üzvü, professor Bəxtiyar Məmmədov konfransın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, belə konfransların keçirilməsi gələcəkdə aparılacaq elmi-tədqiqat işlərinin yeni perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində çox əhəmiyyətli rol oynayacaqdır. 
Konfransda Ufa Dövlət Neft Texniki Universitetinin professoru Tatyana Prosoçkina “Neftçıxarma kimyası üçün yeni polimer birləşmələri”, AMEA Polimer Materialları İnstitutununun kimya üzrə elmlər doktoru Kazım Quliyev “Funksionallaşdırılmış tsiklopropilstirol monomerlərin sintezi, polimerləşməsi və tətbiq imkanları”, Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov “Nanoölçülü rutenium-titan tərkibli katalizatorun iştirakı ilə fenol və anilinin müqayisəli metilləşməsi” mövzusunda  məruzə ilə çıxış etdilər. 
Konfransda Kazan Federal Universitetinin nümayəndələri Olqa Medvedeva, Marsel Şqapov iştirak etdilər.
Bölmə iclasları iki gün  Sumqayıt Dövlət Universitetində və Polimer Materialları İnstitutunda davam edəcək. Konfransa 176 tezis qəbul edilmiş və konfrans materialları toplu şəklində çap olunmuşdur.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az