Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə tələbələrin qeydiyyatı başladı
Universitetimizdə tələbələrin qeydiyyatı başladı

Heydər Əliyev: Cəmiyyətin gələcək tərəqqisi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

Azərbaycan gənclər ölkəsidir. Gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Dahi şəxsiyyət bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməli, lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir. Bu gün dövlət gənclər siyasəti ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizin bütün bölgələrində gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli toplum kimi yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir. Xəbər verdiyimiz kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2017-2018-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulu prosesi başa çatıb, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilib. Avqustun 15-dən 25-dək isə bütün ali məktəblərdə tələbələrin qeydiyyata alınması nəzərdə tutulur. Qeyd edək ki, ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Sumqayıt Dövlət Universitetində I kursa qəbul olan tələbələrin qeydiyyata alınması prosesi davam edir. Sənəd qəbulunun daha asan və şəffaf keçməsi üçün universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb. Universitetdə Sənəd Qəbulu Komissiyası (SQK) yaradılıb. Burada I kurs tələbələrinin qeydiyyata alınması və sənədləşmənin düzgün aparılması məsələsinə nəzarət həyat keçirir. Qeyd edək ki, qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, bəzilərinin isə hətta forması əvvəlcədən universitetin internet səhifəsində yerləşdirilib. Həmçinin, universitetdə fəaliyyət göstərən 7 fakültənin dekanları, dekan müavinləri və əməkdaşları tələbələrin qeydiyyata alınmasında yaxından iştirak edirlər. Yaradılan şəraitə görə də tələbə-gənclər və onların valideynləri qeydiyyatın yüksək səviyyədə təşkilinə görə universitetin rəhbərliyinə təşəkkür edirlər. Məlumat üçün bildirək ki, hazırda beş mindən çox tələbə və magistrantların təhsil aldığı universitetimizin hər üç korpusunda təmir işləri və genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilib.  Bu da öz növbəsində tədrisin keyfiyyətinin yüksəldilməsinə böyük stimul verir.SDU-nun rəhbərliyi və kollektivi tələbə adı qazanan intellektual və kreativ qüvvəyə malik gənclərimizi və onların valideynlərini səmimi qəlbdən təbrik edir, hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş yaradıcı gənclərə təhsillərində yeni-yeni uğurlar arzulayır. Tələbə adınız mübarək!

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az