Əsas səhifə | Xəbərlər | Elektron İdarəetmə sisteminin təkmilləşdirilmiş variantının təqdimatı keçirildi
Elektron İdarəetmə sisteminin təkmilləşdirilmiş variantının təqdimatı keçirildi
İyulun 17-də universitetimizdə “Elektron idarəetmə sisteminin təkmilləşdirilmiş variantının”  təqdimatı keçirildi.
Professor-müəllim heyəti və struktur rəhbərlərinin iştirakı ilə keçirilən təqdimatda universitetin rektoru prof. Elxan Hüseynov çıxış edərək son dövrdə universitetdə idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər, həyata keçirilən islahatlardan danışdı. Qeyd etdi ki, tədris sisteminin idarə olunmasında elektronlaşmaya keçmək də artıq günün tələbinə çevrilib. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) dinamik inkişafı təhsil sisteminin informasiyalaşdırılması məsələsini daha da aktuallaşdırıb. Artıq bu sahədə bəzi istiqamətlər, demək olar ki, tamamilə elektronlaşıb. İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Ölkədə İKT sahəsinin inkişaf etdirilməsinə Prezident cənab İlham Əliyev xüsusi diqqət göstərir. Məhz bu səbəbdən son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən birinə çevrilib.
Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev çıxış edərək bildirdi ki, sistem vasitəsilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və forumların, habelə kitabxana, mühasibatın aparılması avtomatlaşdırılır və tələbələrin qeydiyyatı vahid pəncərə ilə həyata keçirilir. Tələbələr, həmçinin valideynlər istənilən vaxt və istənilən yerdən fərdi idendifikator və parolları ilə sözügedən tədris idarəetmə sisteminə mobil qaydada daxil olub müvafiq məlumatları əldə edə bilərlər. Yeni sistemin tətbiqi tədrisin bütün mərhələlərini avtomatlaşdıracaq, şəffaflıq tam təmin ediləcək. Müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.  Prorektor onu da qeyd etdi ki, Təhsil Nazirliyi 2010-cu ili ölkəmizdə “Təhsildə İKT ili” elan etmiş və bu kampaniya çərçivəsində konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar, müsabiqələr həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilin informatlaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Bütün bunlar dövlətimizin təhsilin inkişafına göstərdiyi böyük qayğının nəticəsidir. 
Elektron idarəetmə sistemi haqqında İnformasiya texnologiyaları mərkəzinin direktoru Vüsal Haqverdiyev slaydla iştirakçılara məlumat verərək bildirdi ki, universitetimizə qəbul olunan tələbələrin qeydiyyat prosesi tam elektronlaşdırılmışdır. Təhsil Nazirinin kredit sistemi ilə bağlı verdiyi əmrə uyğun olaraq  sistemdə yeniliklər edilmiş, Full time və Part time təhsil formaları nəzərə alınmışdır. Vüsal Haqverdiyev onu da diqqətə çatdırdı ki, tələbə biletləri yeni elektron formada hazırlanacaq. Eyni zamanda tələbə biletlərində QR kod yerləşdirib. Kod vasitəsi ilə tələbələr qiymət, əmr və ödənişləri, bir sözlə universitetlə bağlı bütün məlumatlarla tanış ola biləcəklər. 
İTM-in mühəndis proqramçısı Atiq Əliyev virtual laboratoriyaların SDU-da tətbiqi barədə məlumat verdi. Bildirdi ki, universitetdə virtual laboratoriya hesablama gücləri və mərkəzləşdirilmiş idarəetmədən səmərəli istifadə məqsədilə yaradılıb. Tədris prosesində interaktiv lövhə və virtual laboratoriya proqramlarından istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. 
Təqdimatda Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. Natiq Talıbov akademik borcu yaranmış tələbəyə, həmin fəndən təkrar imtahan vermək üçün şərait yaradılması nəzərdə tutulan Azərbaycan  Respublikasının Nazirlər Kabinetinin 257 saylı,14 iyun 2017-ci il tarixli qərarının icrası barədə məlumat verdi. Qeyd etdi ki, universitetimizdə imtahanlar həmin qərara uyğun olaraq aparılır.
Təqdimatın sonunda  yeni proqramla işləmə qaydalarının mənimsənilməsi ilə bağlı treninqlərin keçirilməsi məsələsi də müzakirə olundu. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az