Əsas səhifə | Xəbərlər | Universitetdə məzun günü keçirildi
Universitetdə məzun günü keçirildi

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir.  Bir vaxt çılğın, bəzən də kövrək uşaq şıltaqlığı ilə gəncliyin astanasına qədəm qoyan tələbələr indi ali məktəbi başa vururlar. Tələbəlik illərinin acılı – şirinli anları artıq geridə qalır. İlboyu imtahan həyəcanı yaşayan məzunlar üçün ötən günlər indi artıq əlçatmaz bir arzu kimidir.
İyunun 30 –da Sumqayıt Dövlət Universiteti növbəti məzunlarını yola saldı.
Rektor professor  Elxan Hüseynov,  universitetin tələbə-müəllim heyəti ilə yanaşı, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələrivə digər qonaqlar iştirak etdilər. Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıq elan olundu. Rektor professor Elxan Hüseynov bu əlamətdar gün münasibətilə məzunları təbrik edərək xoş arzularını bildirdi. Sumqayıt Dövlət Universitetinin  ölkəmiz üçün savadlı mütəxəssislər yetişdirdiyini qeyd edən rektor universitetin fəaliyyəti, təhsil sistemi, uğurları və beynəlxalq əlaqələr və respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verdi. Ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq, qeyd etdi ki,  bu gün məzunlarımız Azərbaycan elminin inkişafına və çiçəklənməsinə töhfələr verirlər. Rektor Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan , imzaladığı sənədlərin əhəmiyyətindən söz açdı. Bildirdi ki, məhz Prezident cənab İlham Əliyevin qayğısı və dəstəyi sayəsində  Azərbaycan təhsili dünya təhsil sisteminə sürətlə inteqrasiya olundu. Cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində hər bir sahədə olduğu kimi təhsil sahəsində də  uğurlara imza atıldı. Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, o bütövlükdə kompleks şəkildə inkişaf edir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramlarının uğurla gerçəkləşməsi, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Rektor onu da diqqətə çatdırdı ki, son illərdə gənclər siyasətinə xüsusi diqqət yetirilir. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir aparıcı qüvvədir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. Prezident cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu istiqamətdə hər cür şərait yaratmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə sıx əlaqədədir. Məzunları bir daha təbrik edən rektor onlara təhsil aldıqları ali məktəblə hər zaman əlaqə saxlamağı tövsiyə etdi və universitetin qapısının hər zaman  üzlərinə açıq olduğunu bildirdi.
Tələbələrin ifasında universitetin marşı səsləndi.
Universitetin professoru əməkdar müəllim Həsən Sadıqov universitetin kollektivini və məzunları təbrik edərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Keçmiş məzunumuz Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının Corat qəsəbəsi üzrə nümayəndəsi  Cəmil Quliyev, valideynlər adından  Lerik icra nümayəndəsi Əflatun Bayramov və başqaları məzun günü və doğma universitetin 55 illik yubileyi münasibətilə təbrik etdilər, xoş arzularını bildirdilər. Məzunlar adından Tarix və coğrafiya fakültəsinin məzunu İbrahim Zeynallı ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışdı və məzunu olduğu Sumqayıt Dövlət Universitetinin adını həmişə uca tutacaqlarına söz verdi.
Sonra təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara Fəxri Fərman  və xatirə hədiyyələri təqdim edildi. Rektor professor  Elxan Hüseynov İqtisadiyyat və idarəetmə fakültəsinin məzun magistrantı  Samir Çıraqova fərqlənmə diplomunu təqdim etdi, onun gələcəkdə universitetdə işlə təmin olunacağını qeyd etdi.
Tədbirin bədii hissəsində universitetin özfəaliyyət kollektivi ilə yanaşı tanınmış incəsənət xadimləri, Azərbaycan Respublikasının xalq artisti Niyaməddin Musayev, əməkdar artistlər Rühəngiz Allahverdiyeva, aşıq Samirə və başqaları ifaları ilə məzunları təbrik etdilər.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az