Əsas səhifə | Xəbərlər | Universitetdə 15 iyun – Milli Qurtuluş Günü qeyd edildi
Universitetdə 15 iyun – Milli Qurtuluş Günü qeyd edildi
Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi, xalqın ona olan inamını bir daha doğrultdu və müstəqil Azərbaycanı sabitlik və tərəqqi yoluna çıxardı. Xalqımız  böyük xilaskarının xidmətlərini  heç vaxt unutmur  və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. 
Bu münasibətlə iyunun 14-də Sumqayıt Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş Günü təntənə ilə qeyd olundu. 
Dövlət himninin səslənməsi ilə başlanan tədbiri giriş sözü ilə açan rektor prof. Elxan Hüseynov 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs etdi,  müstəqilliyimizin tarixinə şərəfli səhifə kimi yazıldığını bildirdi və bu əlamətdar gün münasibətilə xalqımızı təbrik etdi. Qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Rektor onu da diqqətə çatdırdı ki, həmin tarixi qayıdış olmasaydı, bəlkə, bugünkü Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin,   daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Bir sözlə,  Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, stabillik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
Tədbirdə Tarix və onun tədrisi metodikası kafedrasının professoru Qasım Hacıyev “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Elmar Xəlilov “Qurtuluş günü: Azərbaycanda anarxiyanın sonu”, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dos. Loğman Abdullayev “Qurtuluş günü Azərbaycanda iqtisadi inkişafın başlanğıcıdır”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Törə Məmmədova “Qurtuluş günü: Azərbaycanda təhsil və mədəniyyətin yeni inkişaf mərhələsinin başlanğıcı” mövzularında çıxış edərək 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığından və belə bir anda  dahi şəxsiyyət Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığından, yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs etdilər. Vurğuladılar ki, Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunan uğur və nailiyyətlər birbaşa Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Tarixin şanlı səhifələri” adlı sənədli film nümayiş etdirildi. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az