Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetin rektoru avtoqəzada xəsarət alan tələbələrlə görüşdü
Universitetin rektoru avtoqəzada xəsarət alan tələbələrlə görüşdü

Sevinc paylaşdıqca çoxalar, kədər bölüşdükcə azalar
Yer üzünə gələn hər bir insan alın yazısı ilə doğulur. Kimi qısa, kimi də uzun ömür yolunda müxtəlif hadisələr, ağrı-acılar, sevgi, sevinc dolu məqamlarla üzləşir. Sevinc paylaşdıqca çoxalan kimi, kədər paylaşdıqca azalar. Sumqayıt Dövlət Universitetinin bir qrup tələbəsinin üzləşdiyi faciə zamanı kollektivimiz bunun bir daha canlı şahidi oldu. Faciədən sonra ölkənin müxtəlif guşələrindən gələn başsağlığı, teleqramlar, telefon zəngləri xalqımızın milli –mənəvi dəyərlərə ehtiramına sədaqətini nümayiş etdirdi. 
Martın 31-də rektor professor Elxan Hüseynov, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynovun, fakültə dekanlarının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayevin iştirakı ilə avtoqəza zamanı yaralanmış 19 tələbəmizi çay süfrəsi arxasında qəbul etdi və onları aramızda görməyindən məmnunluğunu bildirdi. Rektor Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən üç nəfər tələbəmizin də tezliklə sağalmasını arzuladı. Faciəvi şəkildə dünyasını dəyişmiş tələblərin xatirələri dərin ehtiramla yad edildi. Bildirildi ki, səhər övladlarını dərsə yola salan valideynlər az sonra onların cəsədlərini qarşılayıblar. Bu böyük faciədir. Təbii ki, bu faciə universitetimiz üçün də olduqca sarsıdıcı, ağır bir itki oldu. Belə bir faciənin xalqımıza bir daha üz verməməsini arzuladı.
Sonra  rektor ayrı –ayrılıqda tələbələrin səhhətləri ilə maraqlandı, problemlərini dinlədi və yerindəcə həlli üçün göstərişini verdi. Rektor professor Elxan Hüseynov  onu da diqqətə çatdırdı ki, Bakıdan gələn tələbələrimizin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə müvafiq qurumlara müraciət edilib. İnanıram ki,  bu məsələ öz müsbət həllini tapacaq. Sizə tövsiyyəm budur ki, qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitəsindən istifadə etməyəsiniz, öz təhlükəsizliyinizi qoruyun, ən əsası valideyninizi düşünün.
Tələbələr də öz növbələrində hadisə baş verən gündən bu günədək onların yanında olan, maddi və mənəvi dəstək göstərən  universitetin rektoru professor Elxan Hüseynova, prorektorlara, fakültə dekanlarına, müəllim- tələbə heyətinə, həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova, millət vəkillərinə, onların sağlamlığının keşiyinində duran peşəkar həkimlərə və digər universitetlərin tələbələrinə təşəkkürlərini bildirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az