Əsas səhifə | Xəbərlər | İntellektli gəncləri xalqımızın, dövlətimizin sərvətidir
İntellektli gəncləri xalqımızın, dövlətimizin sərvətidir

Bilik yarışlarının keçirilməsi gənclərin elmi innovasiya hisslərini gücləndirəcək, onları uğurlara istiqamətləndirəcək
Tələbələrin intellektual potensialını üzə çıxarmaq məqsədilə universitetimizdə mütəmadi olaraq tədbirlər təşkil olunur. Dekabrın 14-də 55 illik yubileyimizlə əlaqədar İqtisadiyyat və idarəetmə fakültəsi ilə Sumqayıt Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı iqtisadi bilik yarışı keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra rektor, professor Elxan Hüseynov çıxış edərək iştirakçıları salamladı və qeyd etdi ki, dövlətimiz daim gənc nəslin inkişafı, onların problemlərinin həlli, arzu və istəklərinin nəzərə alınmasına diqqət və qayğı göstərir. Prezident cənab İlham Əliyev bütün çıxışlarında gənclər mövzusuna toxunur, onlarla görüşür, təhsil, asudə vaxtlarının təşkili, ictimai fəaliyyət, dövlət idarəçiliyində iştirak və digər məsələlərlə maraqlanır, onlara öz tövsiyələrini verir.  İnanıram ki, belə bilik yarışlarının keçirilməsi gənclərimizin daha yüksək səviyyədə yetişməsinə xidmət edəcək, tələbələrin əldə edəcəkləri nailiyyətlər onlarda elmi motivasiya hissini gücləndirəcək və gələcək uğurlara istiqamətləndirəcək. Rektor çıxışının sonunda belə yarışların ənənəvi hal almasının vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzuladı.
Sonra yarışa start verildi. 6 komanda öz bilik və bacarıqlarını sınadı. Qeyd edək ki, iştirakçılara ümumilikdə 45 sual, hər sualın cavablandırılmasına isə 30 saniyə vaxt verildi. Suallar əsasən iqtisadi və məntiq sahələrini əhatə edirdi. Tələbələrarası bilik yarışında hər turda 15 sual olmaqla 3 tur keçirildi. Gərgin və maraqlı keçən bilik yarışında 6 komandadan 30 nəfərin iştirak etdiyi oyunda I yerə “Zirvə”, II yerə “Oliqarxlar” və III yerə “Kapital” və “Kökaltı” komandaları layiq görüldü. 
Qalib komandanı təbrik edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Aynurə Yəhyayeva çıxış edərək  bu kimi yarışların həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı önəmindən, həm də gənclərin potensialının üzə çıxarılmasının böyük əhəmiyyətindən bəhs etdi. Bildirdi ki,  Azərbaycanın intellektli gəncləri xalqımızın, dövlətimizin sərvətidir. Gənclər nə qədər bu yarışlara çox qatılsa, bir o qədər gələcəyini təmin etmiş olur. Sözsüz ki, savadlı, bilikli gənclik xalqına, dövlətinə daha vicdanla xidmət edər və təhsil aldığı ali məktəbin adını daim uca tutar.
Sonda komandalara hədiyyələr təqdim edildi və xatirə şəkilləri çəkdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az