Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Dini radikalizm-terrorçuluq və dini ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi
“Dini radikalizm-terrorçuluq və dini ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi
Dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir

Dini radikalizmə, terrorçuluğa, dini ektremizmə qarşı mübarizə müasir Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir. Niyabrın 30-da universitetimizdə təşkil olunan tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin, DTX-nın Sumqayıt şəhər İdarəsinin, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin nümayəndələri, professor-müəllim və tələbə heyətimiz iştirak etdilər.
Tədbiri giriş sözü ilə universitetin Humanitar Məsələlər üzrə prorektoru dosent Nizami Namazov açaraq bu gün bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmini xüsusi qeyd etdi.  Prorektor çıxışında ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını bildirdi, bu siyasətin hazırda Prezident cənab İlham Əliyev tərəfindən davam etdirildiyini dedi.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd etdi ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcədə vətənpərvərlik prinsiplərinin təbliğində  cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində geniş məlumat verərək gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs etdi. 
DTX-nın Sumqayıt şəhər İdarəsinin şöbə rəisi Natiq Səmədov radikal dini cərəyanların yaranması, təbliğat metodları, habelə bu cür hallara qarşı mübarizə üsulları haqqında geniş məlumat verdi.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi  Fərman Kazımov müstəqilliyimizin ilkin dövrlərində ölkəmizə ayaq açan humanitar təşkilatların fəaliyyətləri, onların apardığı dini təbliğatın nəticəsində  formalaşan zərərli dini ideologiya daşıyıcısı olan şəxslərin özlərinə sosial baza yaratmaq cəhdləri və nəticədə dövlət-din münasibətlərinə verdiyi zərərlər haqqında danışdı, dünyada dini və milli zəmində baş verən münaqişələr, ölkəmizə qarşı olan dini təhdidlər barədə fikrini bildirdi.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov  din və dövlət münasibətləri, bu münasibətlərin uğurlu təşkilində dini inanc və insanların mühüm rolunu tarixi-fəlsəfi baxımdan izah etdi.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az