Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyət və perspektivləri ” mövzusunda elmi-praktik konfrans keçirildi
“Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyət və perspektivləri ” mövzusunda elmi-praktik konfrans keçirildi
Elxan Hüseynov: Azərbaycan və Rusiya arasında elm və təhsil sahəsində əməkdaşlığın uzun bir tarixi vardır
Ölkəmiz müstəqillik əldə etdikdən, iqtisadi sosial dirçəlişə nail olduqdan sonra milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı elm-təhsil və idman sahəsində mühüm nailiyyətlərə imza atıldı. Müxtəlif sahələrə həsr olunan beynəlxalq konfrans və simpoziumların respublikamızda Azərbaycanın iqtisadi potensialının intellekt kapitalına çevrilməsi faktını dünyaya nümayiş etdirdi. Beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə müharibə şəraitində uğurlara imza atan dövlətimiz dostluq, əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verdiyinin göstəricisinə çevrildi.
Noyabrın 27-sindən 29-unadək ölkəmizdə təşkil olunan “Təhsil elm və mədəniyyət sahəsindəRusiya–Azərbaycan əməkdaşlığının vəziyyət və perspektivləri ” mövzusunda elmi-praktik konfrans da bu qəbildəndir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 27-sində Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Ölkə başçısı nazirin ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirdi. Təhsil və elm sahələrində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çoxlu mövzuların olduğunu ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla davam etdiyini diqqətə çatdırdı. Təhsil sahəsində əlaqələrin ənənəvi xarakter daşıdığına toxunan dövlət başçısı bildirdi ki, çox mühüm olan odur ki, ötən 25 il ərzində ölkələrimiz bu ənənələri nəinki qorudu, hətta daha da möhkəmləndirdi. Prezident cənab  İlham Əliyev bunun həm orta, həm də ali təhsil sahələrini əhatə etdiyini dedi. Rusiya təhsil ocaqlarında azərbaycanlı tələbələrin təhsil aldıqlarını və artıq Azərbaycanda da Rusiya ali məktəblərində təhsil almaq imkanı olduğunu vurğuladı. Rusiyanın iki ali təhsil müəssisəsinin filiallarının Azərbaycanda uğurla fəaliyyətini qeyd edən ölkə başçısı nazirin ölkəmizdə olduğu müddətdə bu proseslərlə yaxından tanışlıq imkanı olacağını vurğuladı. Prezident İlham Əliyev ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı təhsil nazirlikləri arasında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.
Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva söhbət zamanı qeyd etdi ki, “Gözəl ölkənizə, gözəl paytaxtınıza səfər etmək üçün yaratdığınız imkana görə minnətdarlığımı bildirirəm”. Olqa Vasilyeva öz növbəsində təhsil sahəsində ənənəvi əməkdaşlığımızın hazırda da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında orta və ali  təhsil sahəsində əlaqələrə toxunan rusiyalı nazir Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının uğurla fəaliyyət göstərdiyini dedi. Rus dilinin inkişafı məsələlərinə toxunan nazir bunu ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri kimi dəyərləndirdi. Xanım Olqa Vasilyeva qeyd etdi ki, Azərbaycanda, o cümlədən rus dilində təhsil aparılan məktəblərdə oxuyan xeyli sayda şagirdlərin olduqları nəzərə alınaraq, Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində filoloji qrupun açılması təklif olundu.
Görüşdə Azərbaycanda rus dilinin və Rusiya Federasiyasında azərbaycanlıların sıx yaşadıqları ərazilərdə Azərbaycan dilinin tədrisinə texniki dəstək göstərilməsinin vacibliyi qeyd olundu, Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının Bakıda keçiriləcək konfransının əhəmiyyətindən danışıldı. Universitetlərarası əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində kadr hazırlığı ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyi qeyd edildi.
Noyabrın 28-sində Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə gül dəstələri qoydu. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üzərinə güllər düzüldü.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini andılar, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
Sonra dövlət və hökumət qurumları rəsmilərinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin, ali məktəblərin rektorlarının iştirakı ilə Marriott Absheron Baku hotelində “Təhsil, elm və  mədəniyyət sahəsində Rusiya-Azərbaycan  əməkdaşlığının vəziyyət və perspektivləri ” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransın açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov qonaqları salamladı və  iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlıqdan danışdı, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən aparılan ikitərəfli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir və möhkəmləndirilir.Cənab nazir onu da qeyd etdi ki, rus dilinin Azərbaycanda öyrənilməsi multikulturalizm prinsipinə əsaslanır. “Bu gün 16 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. 450 mindən çox şagird isə rus dilini xarici dil kimi öyrənir” . Ölkəmizdə rus dili və ədəbiyyatının tədrisinə böyük diqqət ayrılır. Bu da gələcək əməkdaşlığımız istiqamətində atılan  uğurlu addımlardan biridir.Hal-hazırda iki ölkə arasında təhsil sahəsində münasibətlər dinamik inkişaf edir: “İki Rusiya universitetinin Azərbaycanda filialının və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının açılması münasibətlərin inkişafının göstəricisidir”.
Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva Rusiyanın Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirdi.  Qeyd etdi ki, “Rusiya Federasiyası ali məktəblərində 12 minə qədər azərbaycanlı tələbə təhsil alır”. 2016/2017-ci tədris ilində Rusiyanın ali təhsil müəssisələrinə 351 Azərbaycan vətəndaşı qəbul olunub.
Olqa Vasilyeva çıxışında bildirdi ki, Rusiya Azərbaycanla təhsil sahəsində əməkdaşlıqda maraqlıdır. Əgər valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər”.“Rusiyada Azərbaycan dilində məktəblərin açılması valideynlərdən asılıdır. 
Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı ilə onlayn əlaqə yaradıldı. UNEC-in rektoru professor Ədalət Muradov ali məktəbin elmi fəaliyyətinin müxtəlif istiqmətləri barədə ətraflı məlumat verdi. 
Konfransda Sumqayıt Dövlət Universitetinin rektoru, Rusiya - Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynov və Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya tərəfdən həmsədri professor Ramil Baxtizin ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğuladılar. SDU-nun rektoru Elxan Hüseynov qonaqları qonaqpərvərliyi, dostsevərliyi, tolerantlığı, multikulturalizmin Azərbaycan modelini yaradan ölkəmizdə salamlamaqdan məmnun olduğunu bildirdi. Rektor onu da vurğuladı ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında demişdir: “Azərbaycan öz inkişafına elm, təhsil və mədəniyyət yolu ilə irəliləyəcək. Bu, bizim ölkəmizin nəinki siyasi, həm də iqtisadi göstəricisidir.”
Bu əlaqədə, elm və təhsil sahəsindəki qarşılıqlı münasibətdə əsas istiqamətlərdən biri Rusiya və Azərbaycan arasındakı əməkdaşlıqdır. Qeyd etmək istəyirəm ki, Azərbaycan postsovet məkanında rus dilinin beynəlxalq dil kimi mühafizə olunduğu və rusdilli təhsilin olduğu kimi saxlanıldığı az sayda ölkələr sırasındadır. Bundan əlavə, gələcəkdə əlaqələrin daha da möhkəmlənməsi və ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə ali təhsil müəssisələrimizdə rus dili mərkəzləri yaradılır. Rəhbərlik etdiyim Sumqayıt Dövlət Universitetində Linqvistik Mərkəz, Bakı Dövlət Universitetində “Rus dünyası” Mərkəzi yaradılmış, bir çox digər ali təhsil müəssisələrində rus dili bilgisinin səviyyəsinin yüksəldilməsi və bu yüksəliş vasitəsilə tələbə və magistrantlarımızın mobilliyinin artırılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Məlum olduğu kimi, Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan dilinin öyrənilməsi və tədrisi proqramı fəaliyyət göstərir. Biz çox istərdik ki, Azərbaycan dilinin tədrisi təcrübəsini digər Rusiya ali təhsil müəssisələri də mənimsəsin. Biz öz tərəfimizdən göstərilən proqramı metodik materiallarla, dərsliklərlə və dərs vəsaitləri ilə təmin etməyə, professor-müəllim heyətinin ezamiyyətlərini təşkil etməyə hazırıq. Bu fakt bizim ali təhsil müəssisələrinin tamhüquqlu əməkdaşlığının sübutu ola bilər.  Düşünürəm ki, noyabrın 29-unda bu konfrans çərçivəsində keçirilən iclasda “Azərbaycan Respublikasında rus dilinin və Rusiya Federasiyasında Azərbaycan dilinin tədrisi” mövzusunda dəyirmi masanın müzakirəsi məhz bu məsələlərə həsr olunacaq. 
Azərbaycan və Rusiya arasında elm və təhsil sahəsində əməkdaşlığın uzun bir tarixi varvə yaranmış əlaqələri  ümumi mənafe baxımından inkişaf etdirmək zəruridir. Əldə olunan nailiyyətlər sübut edir ki, Azərbaycan və Rusiya vahid təhsil məkanının təşkil olunmasına daha çox yaxınlaşmışdır. Aydındır ki, bu, uzun bir prosesdir, ancaq biz həmişə yaxınlaşmaq, təcrübə və səriştə mübadiləsi, iki ölkənin elm və təhsil sisteminin inteqrasiyasına təkan verən müxtəlif növdə birlik və ittifaqların yaradılması üçün addımların atıla biləcəyini görürük. Bu münasibətlə konfransda müzakirə etmək üçün irəli sürdüyümüz təkliflərdən biri ölkələr arasında vahid təhsil məkanının təşkilinin perspektivləri və problemləri, eyni zamanda assosiasiyanın ali təhsil müəssisələrində təhsil alan tələbələrə hər iki ölkənin ekvivalent diplomlarının verilməsi layihəsinin həyata keçirilməsidir. Bu məsələ assosiasiyanın birgə tədbirlər planına daxildir, amma bu mərhələdə bizə bu prosesin hüquqi təsdiqi lazımdır. Onu da deyim ki, 2016-cı il üçün Birgə tədbirlər planı və bu planın yerinə yetirilməsi haqqında hesabat Sumqayıt Dövlət Universiteti və Ufa Dövlət Neft-texniki Universitetinin elektron səhifələrində yerləşdirilib.
İstənilən sahədə ortaq araşdırmalar həmişə ölkənin intellektual potensialının və innovasiya iqtisadiyyatının yüksəlməsinə təkan verir. Əminəm ki, müasir şəraitdə bu, çox mühüm bir işdir və Rusiya ilə Azərbaycanın təhsil sahəsində gələcək əməkdaşlığı bunun həllinə imkan yaradacaq. Ölkələrimiz arasında təhsil əlaqələrinin möhkəmləndirilməsi dövlətlərimizin rifahının artmasına səbəb olacaqdır.
Ufa Dövlət Neft-Texniki Universitetinin rektoru Ramil Baxtizin əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini xüsusilə qeyd etdi.
Başa çatan “Təhsil, elm və  mədəniyyət sahəsində Rusiya–Azərbaycan  əməkdaşlığının vəziyyət və perspektivləri ” mövzusunda elmi-praktik konfransda bir çox ali məktəblərin rektor və prorektorlarının məruzələri dinlənildi, fikir mübadiləsi aparıldı, qarşıda duran vəzifələr müzakirə olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az