Əsas səhifə | Xəbərlər | Alimlərimiz Ufa Dövlət Neft Texniki Universitetində akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş beynəlxalq elmi -texniki konfransda iştirak etdilər
Alimlərimiz Ufa Dövlət Neft Texniki Universitetində akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş beynəlxalq elmi -texniki konfransda iştirak etdilər
Azərbaycanın görkəmli alimi, AMEA-nın akademiki, Başqırdıstan Respublikasının fəxri akademiki, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət mükafatları və ordenlərinin laureatı Azad Xəlil oğlu Mirzəcanzadənin xatirəsinə həsr olunmuş beynəlxalqelmi-texniki konfransda universitetimizin  Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov, Elm və İnnovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov  iştirak etdilər.
Konfransı giriş sözü iləUfa Dövlət Neft Texniki Universitetinin rektoru, professor, Rusiya - Azərbaycan Universitetləri Assosiyasiyasının Rusiya tərəfdən həmsədri olan  Ramil Baxtizin açaraq görkəmli akademikin elmi fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə verdiyi töhfələrdən söz açdı. Bildirdi ki, o, dünya elmində qazandığı yüksək nəticələri ilə yanaşı, bir insan kimi diqqət çəkən ali şəxsi keyfiyyətlərə malik olmuşdur.Alimin çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətlərində qazandığı uğurların əsas səbəbi xüsusi istedadı, yüksək dərəcədə əməksevərliyi və elmə bağlılığı olmuşdur.
Görüşdə Rusiya - Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan  tərəfdən həmsədri olan olan Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynovun təbrik müraciəti səsləndirildi. Məktubda qeyd olundu ki, bu konfrans Rusiya və Azərbaycan arasında yaranan dostluq və qarşılıqlı anlaşmasının möhkəmlənməsinə təkan olacaq. Rusiya və Azərbaycan Universitetləri Assosiasiyası çərçivəsində təşkil olunmuş bu konfrans bunun bariz nümunəsidir, çünki peşəkar əlaqələr nəinki insanlar və universitetlər arasında, hətta ölkələr və xalqlar arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmlənməsinin mükəmməl mexanizmidir. Konfrans iştirakşılarına konstruktiv müzakirələr, məhsuldar iş, praktiki nəticələr əldə etmək arzusu ilə  konfransın işinə uğurlar arzuladı.
Qeyd edək ki, Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Akademik Azad Mirzəcanzadə dünya elm təcrübəsində azsaylı alimlərdən biri kimi 60 illik fəaliyyəti ərzində 100-dən artıq elmlər doktoru, 400-dən artıq elmlər namizədi, o cümlədən Başqırdıstanda 40-dan artıq elmlər namizədi, 20-dən artıq elmlər doktoru hazırlamışdır. Onun yetirmələri yüksək səviyyəli mütəxəssislər kimi öz müəlliminin işini dünyanın müxtəlif regionlarında layiqincə davam etdirirlər.
Bu mötəbər tədbirdə dünyanın qabaqcıl elm mərkəzlərində fəaliyyət göstərən akademikin yetirmələri tanınmış alimin elmi tədqiqatları, əldə etdiyi nailiyyətlər haqqında,  elmi kadrların hazırlanması sahəsində gördüyü işlərdən və onun yüksək insani keyfiyyətlərindən geniş söhbət açdılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az