Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Mənim tanrım gözəllikdir, sеvgidir”
“Mənim tanrım gözəllikdir, sеvgidir”

Noyabrın 3-də Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan böyük ədib Hüseyn Cavidin yaradıcılığına həsr  olunmuş “Mənim tanrım gözəllikdir, sеvgidir” adlı elmi seminar keçirildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq bildirdi ki, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir. Böyük ədibin dünya tarixinə görkəmli şəxsiyyətlər bəxş edən Naxçıvanda doğulması, Təbrizdə oxuması, İstanbulda təhsilini davam etdirməsi və elmin sirlərinə yiyələnməsi, Bakıda ədəbi yaradıcılığını uğurla davam etdirməsi onun fəlsəfi düşüncəsinin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Cavid Odlar yurdu Azərbaycanın sönməz əbədi məşəlini dünya ədəbiyyatına bəxş etmişdir. Onun qələmə aldığı mövzular türkdilli xalqlar arasında ədəbi bir körpüdür. Onun əsərləri əfsanə və miflərə söykəndiyi kimi, real tarixi proseslərə də aydın baxış formalaşdırmışdır. Odur ki, yaradıcılığı həm sadə oxucular, həm də ayrı-ayrı sahələrin mütəxəssisləri tərəfindən diqqətlə izlənilir. Əminliklə qeyd edə bilərik ki, Cavid sevərlər bundan sonrakı dövrdə də Cavid ideyalarından faydalanacaqlar. Rektor onu da qeyd etdi ki, Cavidin məzarının tapılması, nəşinin öz doğma Vətənində dəfn edilməsi, adının əbədiləşdirilməsi ulu öndər Heydər Əliyevin dünya ədəbiyyatını yaradan nadir şəxsiyyətlərə tükənməz məhəbbətinin nəticəsidir.
Filologiya üzrə fəlsəfə doktoru Törə Məmmədova millətinə sadiq olmuş Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.  Bildirdi ki, ədibin əsərləri ədəbiyyatımızın qürur və iftixarı olmaqla yanaşı, onun bütün yaradıcılığı və fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil etməkdən ibarətdir.
Daha sonra tədbirdə Filologiya fakültəsinin III kurs tələbələrinin ifalarında ədibin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”  əsərlərindən səhnəciklər nümayiş olundu, “Bənim tanrım”, “Bən istərim ki...”,  “ Get ”, və digər şeirlər səsləndirildi. Tələbələrimiz “Qız məktəbində” şeirini çox məharətlə  səhnələşdirdilər.       
Tədbirdə Azərbaycan və xarici ölkələr ədəbiyyatı  kafedrasının professoru, xalq şairi Rafiq Yusifoğlu,  Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası  kafedrasının müdiri dosent Yusif Aslanov bu görüşdən məmnunluğunu bildirərək  H. Cavidin xatirəsini yaşatmaq, gələcək nəsillərə çatdırmaq üçün belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğuladılar.
Tədbir Hüseyn Cavid yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi  ilə yekunlaşdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az