Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbə Elmi Cəmiyyətinin növbəti iclası
Tələbə Elmi Cəmiyyətinin növbəti iclası

Oktyabrın 8-də Tələbə Elmi Cəmiyyətinin növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti və aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Tələbə Elmi Cəmiyyəti istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Belə ki, TEC-in üzvləri Respublika və Beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirak edir, Fəxri Fərmanlarla təltif olunurlar. Bu da universitetimizin uğurlarının bariz nəticələrindəndir. Ötən il Voronej Dövlət Meşə Texniki Universitetinin keçirdiyi “Texniki və riyaziyyat elmləri” üzrə Beynəlxalq Gənclər Forumuna 22 tələbəmizin elmi məqalələri qəbul olunmuş, 3 nəfər tələbəmiz konfransa ezam olunmuş,  uğurlu çıxışlarına görə sertifakata layiq görülmüşlər. Bu il  Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Milli Tədqiqat Akademik Universitetinin keçirdiyi Optoelektronika, Fotonika və Nanostrukturlar üzrə “Saint Petersburg OPEN 2016” adlı beynəlxalq konfransda da tələbələrimiz iştirak etmiş və  diplomlara layiq görülmüşlər.
Bu uğurların davamı olaraq tələbələrimizin ölkədaxili və beynəlxalq konfranslarda fəal iştirakı üçün onların dil təminatını yüksək səviyyədə təmin olunması məqsədi ilə Linqvistik Mərkəz yaradılıb. İnanıram ki, tələbələrimiz bu mərkəzdən yararlanaraq universitetimizi beynəlxalq arenada layiqincə təmsil edəcəklər.
İclasda Elm və İnnovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov çıxış edərək bildirdi ki, Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir. Hazırda universitetdə TEC-in 700 nəfərdən çox üzvü var. Onlar müntəzəm olaraq keçirilən konfranslarda məruzələrlə çıxışlar edir, bu məruzələr konfrans materialları toplusunda yer alır, fərqlənən tələbələr diplomlarla mükafatlandırılır. Professor onu da qeyd etdi ki, hər tədris ilinin başlanğıcında fakültə TEC sədrləri və üzvləri seçilir, tələbələrə müxtəlif mövzular təqdim olunur, elmi rəhbərlər təyin olunur. Tədris ilinin sonuna kimi tələbələr öz elmi işi üzərində çalışır, araşdırmalar aparır. İlin sonuna yaxın fakültələrdə yekun konfransları keçirilir. Daha bacarıqlı tələbələr seçilərək müvafiq diplom və hədiyyələrlə təltif olunurlar. Onlar tələbə elmi konfranslarında iştirak etmək hüququ qazanırlar.
Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent İslam Paşayev TEC haqqında məlumat verərək bildirdi ki, TEC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil Qanunu, Sumqayıt Dövlət Universitetinin Nizamnaməsi  və öz Əsasnaməsinə uyğun həyata keçirir. Tələbələrimizin elmi potensialının üzə çıxarılması məqsədi ilə  Tələbə Elmi Cəmiyyəti bu istiqamətdə xeyli işlər görür. Dosent İslam Paşayev çıxışının sonunda universitetdə fəaliyyətə başlayan Linqvistik Mərkəzə görə rektor professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az