Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti ilə AMEA-nın Polimer Materialları İnstitutunun birgə Elm və Tədris Mərkəzinin açılışı oldu
Sumqayıt Dövlət Universiteti ilə AMEA-nın Polimer Materialları İnstitutunun birgə Elm və Tədris Mərkəzinin açılışı oldu

Azərbaycan Respublikası Təhsil Nazirliyi  Sumqayıt Dövlət Universiteti və Polimer Materialları İnstitutu arasında uzun illər aparılmış elmi əməkdaşlığın səviyyəsini, səmərəliliyini artırmaq məqsədi ilə oktyabrın 6-da SDU ilə PMİ-nin birgə Elm və Tədris Mərkəzinin açılışı oldu.
Öncə qonaqları Polimer Materialları İnstitutunun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov qarşıladı, dəyirmi masa ətrafında rəhbərlik etdiyi institutun elmi perspektivlərindən, burada aparılan elmi-tədqiqat işlərindən və qarşılıqlı əməkdaşlıq əlaqələrindən söhbət açdı.  
Sonra SDU-nun rektoru professor Elxan Hüseynov və PMİ-nin direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Mərkəzin açılışını edərək əməkdaşlıq müqaviləsini imzaladılar.
Rektor Elxan Hüseynov Elm və Tədris Mərkəzinin açılışı  münasibəti ilə hər kəsi təbrik edərək bildirdi ki, mərkəzin yaradılması təhsilin elmə, elmin təhsilə inteqrasiyasına bir sözlə, milli təhsilimizin inkişafına böyük töhfələr verəcək. Bu gün ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin elmin inkişafına və elm xadimlərinə olan xüsusi diqqət və qayğısı siyasətini uğurla davam etdirən prezident cənab İlham Əliyevin imzaladığı Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan mühüm məsələlərdən olan elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması prosesi bütün ali məktəblərin üzərinə böyük məsuliyyət qoyur, Sumqayıt Dövlət Universiteti də bu istiqamətdə mühüm addımlar ataraq uğurlar əldə edir. Rektor professor Elxan Hüseynov onu qeyd etdi ki, ölkəmizdə fəaliyyət göstərən ali məktəblər arasında ilk dəfə olaraq Sumqayıt Dövlət Universiteti Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda Elm və Tədris Mərkəzini yaratdı. Mərkəzin yaradılmasında da məqsəd SDU-da tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan təcrübi bilik, bacarıq və vərdişlərin formalaşdırılması, kimya  və ekologiya sahələrində istehsalat və elmi yeniliklərin,  innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi-tədqiqatların aparılması, Universitet və İnstitut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsindən ibarətdir. İnanıram ki, Mərkəzin yaradılması yüksək ixtisaslı peşəkar kadrların  yetişməsinə  təkan olacaqdır. Rektor kollektiv adından Mərkəzin yaradılmasında göstərilən dəstəyə görə Təhsil naziri cənab Mikayıl Cabbarova və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadəyə  dərin təşəkkürünü bildirdi.
PMİ-nin direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxış edərək vurğuladı ki, Elm və Tədris Mərkəzinin yaradılması və imzalanan əməkdaşlıq müqaviləsi elmi-tədqiqat və kadr hazırlığı sahəsində yüksək nəticələr verəcək. Onu da diqqətə çatdırdı ki, Mərkəzdə yaradılan şərait ona əsas verir ki, istər alim istərsə də tələbələrimiz indi və gələcəkdə öz işlərini müasir texnologiyalar əsasında daha səmərə ilə qura biləcəklər. 
Sonda PMİ-nin Elmi katibi kimya üzrə fəlsəfə doktoru Solmaz Rzayeva mərkəzdə olan  müasir cihaz və avadanlıqlar haqqında qonaqlara ətraflı məlumat verdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az