Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Gələcəyin kimyaçı mütəxəssisləri “Petkim Petrokimya Holdinq”də təcrübədə oldular
Gələcəyin kimyaçı mütəxəssisləri “Petkim Petrokimya Holdinq”də təcrübədə oldular

Nəzəriyyənin vaxtında praktikaya tətbiqi kadr potensialının  formalaşmasına təkan verən əsas amillərdəndir. Avqustun 1-dən 26-dək Kimya və biologiya fakültəsinin bir qrup tələbəsi Neft kimyası və kimya texnologiyası kafedrasının baş müəllimi İradə Nəsirovanın rəhbərliyi ilə Türkiyənin İzmir şəhərində yerləşən və dünyanın ən nüfuzlu müəsissələrindən olan “Petkim Petrokimya Holdinq”də istehsalat təcrübədə oldular.
Hər il olduğu kimi bu il də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə “Yay təcrübəsi proqramı” həyata keçirildi. Proqramın məqsədi gələcəyin kimyaçı mütəxəssislərinin təcrübi biliklərinin artırılması, onlarda kimya sənayesinin mürəkkəb istehsalatını idarə etmək vərdişlərinin aşılanmasıdır. Proqram çərçivəsində təcrübəyə Sumqayıt Dövlət Universitetinin, Bakı Ali Neft Məktəbinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbəsi cəlb olunmuşdur. Təcrübədə universitetimizdən Kimya və biologiya fakültəsinin tələbələri Sona Əliyeva,  Aysel Hüseynova,  Namiq Alxanlı, Sevil Qulami və magistr Fuad Bəxtiyar iştirak etdilər.
Azərikimya” İB-də təcrübələrini başa vurmuş tələbələr Birlik rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə “Yay təcrübəsi proqramı” çərçivəsində avqustun 1-dən etibarən dörd iş həftəsi müddətində Türkiyənin İzmir şəhərində yerləşən və dünyanın ən nüfuzlu müəsissələrindən olan “Petkim Petrokimya Holdinq”də istehsalat təcrübələrini davam etdirdilər. Tələbələr burada fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış oldular. Onlar hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrəndilər.
İstehsalat təcrübəsində Azərikimya İ.B və Petkim Petrokimya Holdinq A.Ş-nın nümayəndələrindən təşkil olunmuş komissiya tərəfindən ən yaxşı səmərələşdirici təkliflər üzrə müsabiqə keçirildi. Müsabiqədə məqsəd həm tələbələr arasından “Azərikimya” İstehsalat Birliyi üçün gələcək əməkdaş seçimi aparmaq, həm də tələbələrə kimya sənayesini tanıtmaqla, onların bu sahəyə marağını artırmaqdır.
Məqsədyönlü təklifə görə Kimya və biologiya fakültəsinin tələbəsi Aysel Hüseynova 3-cü yerə layiq görüldü.
Yay istehsalat təcrübəsinin rəhbəri, baş müəllim İradə Nəsirova gələcəyin kimya mütəxəssisləri üçün yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova,  ARDNŞ Azərikimya İstehsalat Birliyinə və Petkim Petrokimya Holdinq A.Ş-nin rəhbərliyinə dərin təşəkkürünü bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az