Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin prorektoru ali mükafata layiq görüldü
Sumqayıt Dövlət Universitetinin prorektoru ali mükafata layiq görüldü

İstənilən tədris ocağının təhsil potensialı, nüfuzlu alimləri, istedadlı tələbələri, yetirmələri ilə tanınır. Sumqayıt Dövlət Universitetinin inkişafında xüsusi xidmətləri olan pedaqoqlardan biri də tanınmış dilçi-alim, Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədovdur. Çoxsaylı mükafatlara layiq görülən alimimiz bu günlərdə Rusiya paytaxtında keçirilən III Moskva Beynəlxalq təhsil sərgisində iştirak edərək Təbii biliklər Akademiyasının Elmi-nəşriyyat mərkəzinin” diplomu ilə təltif olundu. Məlumat üçün bildirək ki, professor Ramazan Məmmədov 1944-cü il iyulun 1-də Qax rayonunun Qum kəndində anadan olub. 1968 - 1973-cü ildə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitututnda orta məktəbdə rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil almış, dərs əlaçısı, Lenin təqaüdçüsü olmuş, institutu fərqlənmə diplomu ilə bitirmişdir. O, Elmi şurasının qərarı ilə Rus dilinin fonetikası kafedrasında işləmək üçün institutda saxlanılmışdır. 1991-ci ilədək baş laborant, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir.1974-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almış, “Azərbaycanlıların rusca nitqində fonetik interfensiya” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1980-1984-cü illərdə  SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi ilə Əfqanıstan Demokratik Respublikasında elmi-pedaqoji ezamiyyətdə olmuş, Kabil Universitetində eyni vaxtda dosent, kafedra müdiri, universitet partiya təşkilatının katibi, Əfqanıstanda Rus dilinin tədrisi üzrə Metodik Birləşmənin sədr müavini vəzifələrində çalışmışdır. 1991-ci ildən 2014-cü ilədək Sumqayıt Dövlət Universitetində (SDU) dosent, professor, kafedra müdiri vəzifələrini icra edərək 2014-cü ildən SDU-da Elm və İnnovasiyalar üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi metodik və publisistik əsəri, o cümlədən 8 monoqrafiyası və dərs vəsaiti nəşr olunmuşdur. 
Professor Ramazan Məmmədovun  elmi maraq dairəsi dilçiliklə məhdudlaşmır. O, 1962-ci ildən sakini olduğu Sumqayıt şəhərinin vurğunudur. Ömrünün 26 ilini doğma şəhərinin 1988-ci ilin fevralında erməni və ermənipərəst millətçi-separatçı qüvvələr tərəfindən törədilmiş kütləvi iğtişaşların elmi-sosioloji tədqiqinə, bu faciəvi hadisələrin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ qarşıdurumu ilə bağlılığı probleminin araşdırılmasına həsr etmişdir. Problemə həsr edilmiş və Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş bir sıra silsilə məqalələrin, konfrans materiallarının və yeddi monoqrafiyanın müəllifidir. 
Qəlbi vətən, torpaq sevgisi ilə döyünən vətəndaş alimin əməyi daima yüksək qiymətləndirilmişdir. Müxtəlif illərdə respublika, ittifaq və xarici ölkə səviyyəli tərifnamələrlə, fəxri fərmanlarla, 1965-ci ildə “XX let Pobedı v Velikoy Oteçestvennoy voyne” Yubiley medalı ilə, 1984-cü ildə Əfqanıstan Respublikasının “Eftexor” ordeni ilə, 2012-ci ildə “Azərbaycan Respublikası
Qabaqcıl təhsil işçisi Döş nişanı” ilə təltif olunmuşdur. Həyatının mənalı illərinin Sumqayıt Dövlət Universitetinin, ölkənin kadr potensialının inkişafına, iqtisadi potensialın intellekt  kapitalına çevrilməsinə həsr edən Professor Ramazan Məmmədovun Moskva Beynəlxalq Təhsil Salonunun Təbii Biliklər Akademiyasının elmi-kəşfiyyat Mərkəzi” nin diplomuna layiq görülməsi universitetimiz üçün mühüm elmi nailiyyətdir. “Eksperimental təhsil” beynəlxalq jurnalında dərc olunan “Saitlərin tempinə görə müxtəlifliyi” məqaləsinə görə mükafata layiq görülən alimin tədqiqatları dünyanın nüfuzlu dilçilk məktəbində də qiymətli mənbə kimi qəbul edilir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az