Əsas səhifə | Xəbərlər | Milli Qurtuluş Günü qeyd edildi
Milli Qurtuluş Günü qeyd edildi

Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində “15-İyun-Milli Qurtuluş Günü” nə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində Ulu Öndərin büstü önünə tər güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər. Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, uzaqgörən daxili və xarici siyasətini, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən sərgiyə baxış keçirildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açdı, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Rektor 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, hər bir xalqın milli oyanış, yaddaşa qayıdış, əbədi istiqlaliyyət tarixində unudulmaz anları olur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 1993-cü il 15 iyun Azərbaycan xalqının mücadilə tarixinə böyük Qayıdış və Qurtuluş nidası ilə həkk olundu.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyəti gərginləşdi, hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Ölkədə hakimiyyət boşluğu yaranmış, rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə daha da kəskinləşmişdi. 1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayandı. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul etdi, iyunun 9-da Bakıya gəldi. Qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu günü Milli Məclis xalqın tələbi ilə 1997-ci ilin iyununda bayram elan etdi.
Rektor onu da qeyd etdi ki,  Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında  dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında  ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Bir sözlə, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində yeritdiyi ideyalar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti və şəxsiyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil etmişdir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Ulu Öndərin siyasi irsi onun layiqli varisi, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.
Fəsəfə və hüquq kafedrasının müdiri professor Həsən Sadıqov “Azərbaycanı ağır sınaqlardan çıxaran Heydər Əliyev dühası” mövzusunda məruzə ilə çıxış edərək, ötən əsrin 90-cı illərinin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyununda respublikamızda yaranmış ağır ictimai-siyasi vəziyyətdən, belə bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışdı. Bildirdi ki, 
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdi. Bu şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyev oldu. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir.
Azərbaycan tarixi kafedrasının müdiri dosent Əmirxan İsayev “Milli Qurtuluş günü Azərbaycan intibahının başlanğıcıdır”, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Sadiq Səlimov “Müasir Azərbaycan Gəncliyi Heydər Əliyev irsinin etibarlı daşıyıcısıdır” mövzularında çıxış etdilər. Natiqlər qeyd etdilər ki, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz məhv olmaq təhlükəsindən xilas edilmiş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, ölkəmizdə ictimai-siyasi sabitlik, eyni zamanda, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır.
Qaçqınların və Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər şöbəsinin müdiri Sevindik Hüseynov, şair-publisist Əvəz Mahmud Lələdağ çıxışlarında Azərbaycan xalqının ən əlamətdar bayramlarından olan Milli Qurtuluş Günü Ulu öndər Heydər Əliyevin ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli tanıdılmasında və inteqrasiyasında müstəsna xidmətlərindən bəhs etdilər
Sonda “15 İyun-Qurtuluş günü” - nə həsr olunmuş sənədli film nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az