Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İlyas Əfəndiyevin yaradıcılığına həsr olunmuş kitab marafonu
İlyas Əfəndiyevin yaradıcılığına həsr olunmuş kitab marafonu

Azərbaycanın ədəbi – ictimai fikir tarixində, teatr səlnaməsində qüdrətli əsərləri ilə əbədiləşən İlyas Əfəndiyevin adı unudulmazlar və klassiklər sırasındadır. Daima hörmət və ehtiramla anılır. Mayın 31-də universitetimizdə  Azərbaycanın xalq yazıçısı, respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin  yaradıcılığına həsr olunmuş kitab marafonu keçirildi.
Xalq Yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Yazıçı hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də qələmə almış, ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olmuş, ədibin  yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə yazıçının xatirəsi əbədiləşdirilərək “Seçilmiş əsərləri”nin yeddi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr edilmişdir. Bu gün İlyas Əfəndiyevin əsərləri gənclərimiz tərəfindən maraqla oxunur və oxucu məhəbbəti qazanır. Yazıçının yaradıcılığı yaşından asılı olmayaraq, hər kəs üçün qiymətli olduğunun bir daha şahidi olduq. Fakültələr arasında keçirilən İ.Əfəndiyevin əsərlərinin oxunmasına həsr olunmuş kitab marafonunda 262 tələbə iştirak etmiş, onlardan 39 nəfəri II mərhələyə çıxmışdır.
Tələbələr XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" və s. roman və povestləri, dramaturgiyasına "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Qəribə oğlan", "Mahnı dağlarda qaldı", "Bağlardan gələn səs" və s əsərlərini böyük həvəslə müzakirə etdilər. Onların bu müzakirələri və təhlilləri münsiflər  heyəti, Fəlsəfə üzrə filologiya doktorları Törə Məmmədova, İsmayıl Ağayev, Dəyanət Cümənov tərəfindən rəğbətlə qarşılandı. I yerə filologiya fakültəsinin tələbəsi Asim Arazov, II yerə Kimya və biologiya fakültəsinin tələbəsi Əfsanə Sailova, III yerə Tarix və coğrafiya fakültəsinin tələbəsi Aysel Şıxəhmədova layiq görüldülər. Həvəsləndirici yerlərə Filologiya fakültələrinin tələbələri Zöhrə Muradzadə, Ayişə Hacıyeva, Lamiyyə Mustafazadə, Tarix və coğrafiya fakültəsinin tələbəsi Mədinə Məmmədova çıxdılar.
Tədbirdə o da vurğulandı ki, Kitab marafonu mütəmadi olaraq keçirilərək, böyük yazarlarımızın yaradıcılığı  vərəqlənəcək. Çünki ədibin  ömür yolu gənclərimiz üçün əsl nümunədir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az