Əsas səhifə | Xəbərlər | TEMPUS UNİVİA layihəsindəki iştirakını uğurla davam edir
TEMPUS UNİVİA layihəsindəki iştirakını uğurla davam edir

Professor Nigar İsgəndərovanın səfər təəssüratı
Partnyor universitet qismində Avropa Şurasının “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” TEMPUS UNİVİA layihəsindəki iştirakını uğurla davam etdirən Sumqayıt Dövlət Universiteti artıq üçüncü mərhələyə çatmışdır. Bu dövr ərzində biz Avropa universitetlərinin beynəlxalq əlaqələr sahəsində  təcrübəsilə tanış olmuş, kadrların hazırlanması, əsas sənədlərin tərtib edilməsi, Beynəlxalq əməkdaşlıq şöbəsinin işinin yenidən qurulması və digər məsələlərlə bağlı fəaliyyətimizi gücləndirmiş və təkmilləşdirmişik. Layihə çərçivəsində 2016-cı il, 4-14 aprel tarixində İspaniya Krallığının Qalisia bölgəsində yerləşən Santyaqo de Kompostela Universitetinə ezam olunmuşdum. Ezamiyyətin məqsədi-Avropa, Amerika və Asiya universitetləri arasında tanınmış, elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş və beynəlxalq layihələrin fəal iştirakçısı olan Santyaqo de Kompostela Universitetinin təcrübəsi ilə tanış olmaq və əlaqələrin yaradılması üçün zəmin yaratmaq idi.
Qeyd edim ki, ezamiyyəti səmərəli və məhsuldar hesab etmək olar. Məzuniyyət dövründə  Santyaqo de Kompostela Universitetinin Beynəlxalq əlaqələr,  Elm və innovasiyalar üzrə prorektorları, Beynəlxalq əlaqələr şöbələrinin müdirləri (3 campusda 2 şöbə) və işçi heyəti ilə görüşdük. Proqrama uyğun olaraq, Müasir dillər mərkəzi, Müasir texnologiyalar mərkəzi, Elmi-Tədqiqat İnstitutları və Elmi-Tədqiqat Mərkəzləri, Luqo şəhərindəki 3-cü kampusu və Viqo şəhərindəki Viqo Universitetini ziyarət etdik, adları çəkilən bütün bölmələrin fəaliyyəti ilə tanış olduq.
Ezamiyyəti əhatə edən fəaliyyət planını daha ətraflı açmaq üçün bu universitet haqqında məlumatı nəzərinizə çatdırmaq istərdim. Santyaqo de Kompostela Universiteti dövlət universitetidir, qədimdir (1495-ci ildə yaradılmışdır. Dünya Mədəniyyət irsi kimi UNESCO-nun siyahısına salınmışdır –N.İ.) və eyni zamanda müasirdir. 
Qitələlər arasında körpü yaradaraq, bu universitet minlərlə ispandilli tələbələr üçün “alma mater” olmuş, bakalavr səviyyəsində təhsili ispan dilində,  magistr və Fəlsəfə doktoru mərhələsində isə ispan və indilis dillərində təklif edir. Universitetin 3 kampusunda (Şimal və Cənub kampusları bu şəhərdə, 3-cü – Luqo şəhərində yerləşir – N.İ.) 25 fakültə və texniki məktəbdə bakalavr pilləsi üçün 48 ixtisas, magistr pilləsi üçün 72 istiqamət üzrə proqramlar təklif olunur. Burada 30.000 tələbə təhsil alır ki, onlardan 3.000 - əcnəbidir. Universitetin 21 kitabxanası, 18 Elmi-Tədqiqat İnstitutu və 29  Elmi-Tədqiqat Mərkəzi və laboratoriyası vardır ki, orada 74 proqram üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqiqatlar aparılır.
Santyaqo de Kompostela Universiteti Tibb və Dəniz elmlərinin inkişafında əldə etdikləri elmi nəticələrə görə “Yüksək dərəcəli Beynəlxalq Kampus” adına layiq görülmüşdür.
Təhsilin və elmi araşdırmaların keyfiyyətinə görə universitet “Shanghai Ranking” və “QS World University Ranking” qiymətləndirmə cədvəllərində aparıcı yerlərdədir.
Santyaqo de Kompostela Universitetinin uğuru, ilk növbədə, onun elmi nailiyyətlərinə əsaslanır. Elmi araşdırmaların nəticələrinin tətbiqi isə, düşünürəm ki, həm alimlərə, həm universitetə və nəhayət elmin özünün inkişafı üçün çox vacib amildir. Bu universitet öz elmi fəaliyyətini həm müvafiq sahənin inkişafina, həm də maliyyə gətirəcək mexanizmin qurulmasına yönəldir. Bu baxımdan, Santyaqo de Kompostela Universiteti inkişafının strateji istiqamətlərindən biri kimi elmi tədqiqatların nəticələrinin universitetdən sənayeyə transfer edilməsində görür və hesab edir ki, universitetin elmi araşdırmaları ilə sahibkarlıq konsepsiyasının birliyi yaradılmalıdır. Bu məqsədlə universitet öz sənaye və maliyyə partnyorlarına elmi nəticələrinin texniki səmərəsini və iqtisadi potensialını nümayiş etdirməlidir.
Santyaqo de Kompostela Roma və İyerusalimdən sonra xristianların üçüncü ziyarətgahıdır. Onu da qeyd edim ki, hamı hər yerdə ispan və ya Qalisiya dilində danışır. İngilis və ya hər hansı Avropa dilinə meyl az müşahidə olunur.
Santyaqo de Kompostela şəhərində yerləşən kampuslardan biri tibb elmləri ilə bağlıdır: burada tibbi xidmətin hüquqi tənzimləməsindən tutmuş tibbi avadanlığın modelləşdirilməsinə kimi ixtisaslar var. Bu sahəyə xidmət edən onlarla elmi-tədqiqat qurumları, xəstəxana və Qalisiya bölgəsində xərçəng xəstəliyinin bütün mərhələlərini izləyən yeganə 3-ölçülü diaqnostika avadanlığı məhz bu kampusda yerləşir. Onu da qeyd edim ki, tibb sahəsində yüksək elmi nailiyyıtlərinə görə, bu kampus “Yüksək dərəcəli” adlandırılıb.
Santyaqo de Kompostela universitetində Müasir dillər mərkəzi, Müasir texnologiyalar mərkəzi, tələbə və aspirantlar üçün 2-ulduzlu mehmanxanaya bənzəyən (yataqxana deməyə dilim gəlmir!) yaşayış binaları və digər inzibati və tədris korpusların hamısı öz estetikası və nizamı ilə göz oxşayır. Bu siyahını çox davam eləmək olar. Doğrudan da hər şey diqqətə və hörmətə layiqdir. Amma....
Adətən bizim vətəndaşlar xarici ölkələrə gedəndə, gördüklərini ağız dolusu tərifləyir, “bizdə belə deyil” və ya “bizdə belə olmayacaq” deyirlər. Əziz dostlar, sizə tam səmimiyyətlə və əminliklə deyirəm: Bizdə də belədir. İnanın ki, belədir və bundan da yaxşı olacaq! Sadəcə yaxşıca baxın ki, görəsiniz. Gördüklərinizi dəyərləndirin ki, qədrin biləsiniz. Qədrin bilin ki, qoruya biləsiniz. Onlar 521 ilə yaratdıqları universiteti, biz hələ 60 il deyil ki, qururuq. Bir baxın ətrafınıza: nə qədər abadlıq, yaşıllaşdırma işləri aparılır; necə laboratoriya və mərkəz açılıb; neçə yeni ixtisas və yeni imkanlar yaradılıb. Baxın, sevinin və qədrin bilin. Bunların təməlini bu gün biz, hamımız birlikdə qoyuruq. 
Deyirlər, çox səyahət edən, çox bilər. Özümü çox bilən saymıram, amma İspaniyanın Qalisiya bölgəsinin tarixini, mədəniyyətini və musiqisini araşdıraraq, bir şeydə tam əmin oldum ki, Qərb və Şərq mədəniyyəti o dərəcədə bir-birinə daxilən bağlıdır və əlaqələdir ki, hansının harada başladığını və harada bitdiyini müəyyənləşdirmək çox çətindir. Dünyanın işləri, tarixi kimi, tam dövrə edib, ilkin nöqtəsinə yenə qayıdır. Biz, azərbaycanlılar, hamının sevincinə qoşulan, hamının uğurunu və yüksək nəticələrini özümüzkü kimi qəbul edənik. Zaman keçəcək, əziz tələbələrimiz, nə bilmək olar, 10, 20, 50 ildən sonra siz buraya mühəndis, professor, sahibkar olaraq, xarici ezamiyyətdən dönəcəksiniz və mənim kimi burada gördüklərinizə sevinəcəksiniz.

Nigar İsgəndərova, Xarici dillər kafedrasının müdiri, professor

TEMPUS UNİVİA layihəsinin SDU üzrə koordinatoru

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az