Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər
Tələbələrimiz Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər

Aprelin 9-da universitetimizin bir qrup tələbə və müəllim heyəti Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər. Öncə THİK-nin sədri Nemət İbayev çıxışında xalqımıza qarşı törədilmiş soyqırımın bariz nümunəsi olan Quba kütləvi məzarlığı barədə ətraflı məlumat verdi. Bildirdi ki, son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Beləki, 2007-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılmış, tədqiqat nəticəsində ermənilərin 1918-ci ildə yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımında əksəriyyəti uşaq, qadın və qocalar olan 400-dən çox insan sümükləri tapıldığı müəyyən edilmişdir.
Universitetin Karyera Mərkəzinin müdiri Zahid Bünyadov, Tarix və coğrafiya fakültəsinin dekan müavini Cavid Məmiyev və Filologiya fakültəsinin müəllimi Əli Rzayev də çıxışları zamanı tələbələrə XX əsr tarixinin ən dəhşətli faciələrindən olan 1918-ci ildə baş verən hadisələr barədə ətraflı məlumat verərək bildirdilər ki, təcavüzkar ermənilər tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda 50 min nəfər azərbaycanlı qətlə yetirilmişdi. Ulu öndər Heydər Əliyevin 27 mart 1998-ci il “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edildi və xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verildi.
Sonra tələbə və müəllimlər dağ yəhudilərinin kompakt yaşadıqları Qırmızı qəsəbədə oldular. Qəsəbə üzrə nümayəndəsi Pisax İsakov və Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Seyid Cabbarov universitetimizin kollektivini qarşılayaraq onların qəsəbə ilə yaxından tanış olmasına şərait yaratdılar. Görüş zamanı xüsusi qeyd olundu  ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə “Multikulturalizm ili” elan etməklə, etnik və dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində yüksək təbliğ olunur, hökumət bütün dini və etnik azlıqlar üçün bərabər imkanları və bərabər hüquqları, o cümlədən dinc və rahat yaşamaq şəraitini təmin edir. 
Sonda tələbələr qəsəbə sakinlərinin yaşam tərzi ilə maraqlandılar, ölkəmizin multikulturalizm və tolerantlığın mərkəzi olduğunun bir daha əyani şahidi oldular.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az