Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Soyqırımlar tarixinin ən dəhşətli nümunəsi
Soyqırımlar tarixinin ən dəhşətli nümunəsi

Elxan Hüseynov:Xocalı soyqırımına ilk siyasi qiymət ulu öndər Heydər  Əliyev tərəfindən verildi.
Fevralın 25-də Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində Elmi kitabxana tərəfindən təşkil olunmuş Xocalı soyqırımı dəhşətlərini əks etdirən sərgiyə baxış keçirdilər.
Xocalı soyqırım qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə rektor, professor Elxan Hüseynov açaraq bildirdi ki, milli azadlıq, əbədi istiqlal tarixi istənilən qüdrətli  xalq tərəfindən ancaq qanla yazılır.Vətənin haqq səsinə dönən istiqlal mücahidləri şəhid qanından kəfən geyir, müqəddəslik badəsi içir. Çar Rusiyasının 200 illik əsarətinə etiraz edən, Təbriz, Dərbənd, Borçalı, İrəvan, Zəngəzur, Göycə kədərinə etiraz edən Azərbaycan xalqı XX əsrin sonunda yenidən ayağa qalxdı. 20Yanvar dəhşətlərini, Qarabağ, Şuşa niskilini, Xocalı harayına yaşasa da, əbədi istiqlaldan dönmədi.
Savalandan, Ərkdən, Əlincədən oyandı, Ağrıdağın ağrısından, Murovun cəsarətindən don geyən igidlərimiz erməni daşnaqları və onlara dəstək olan havadarları ilə  1992-ci il fevralın 26-da Kür – Araz mədəniyyətinin beşiyi olan Xocalı şəhərində  üz-üzə gəldi. Ömür boyu Azərbaycanı gözü götürməyən ikilistandarlarla yaşayan dövlətlərdən dəstək  alan daşnaq ermənilər, bir şəhəri yer üzündən silməkdən, günahsız insanları al-qanına boyamaqdan çəkinmədilər.
Dünyanın ən böyük soyqırımlarını kölgədə qoyub genosid siyasətini həyata keçirdilər.Öncə insanları, sonra isə bir şəhəri süngürdən keçirən, yandırıb yağmalayan cəlladlar Azərbaycan xalqına qarşı soyqırım törətdi. Dağıdılan şəhərin, öldürülən günahsız insanların ahı ərşə bülənd olsa da, cinayətkar Sovet ordusu havadarlıq missiyasını vicdansızcasına yerinə yetirdi. Erməni daşnaqlarının talan etdiyi şəhərin tarixi onun sakinlərinin al-qanı ilə yazıldı. 24 ildir nigaran ruhları başının üstündə dolanan  Xocalı Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” beynəlxalq  kompaniyası ilə hadisələrə ikilistandartlarla yanaşan dünyadan ədalət istəyir. İnsan haqqlarından danışan Avropadan, Beynəlxalq məhkəmələrdən Xorasima, Noqasaki, Xatun kimi faciələrdən də, dəhşətli olan Xocalı soyqırımına ədalətli qərar, vicdanlı hökm gözləyir. Rektor  onu da  qeyd etdi ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi bu gün də məlum deyil. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Xocalı soyqırımına ilk siyasi qiyməti ulu öndər Heydər Əliyev tərəfindən verildi. Hələ 1994-cü ildə Ulu Öndərimizin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi, 26 fevral  – “Xocalı soyqırımı və milli matəm günü” kimi elan olundu. Bu gün  ölkə başçısı cənab İlham Əliyev və  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə çatdırır və bu istiqamətdə  məqsədyönlü işlər aparırlar.
Dərin kədər hissi ilə müşayiət olunan tədbirdə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş universitetin “Renessans” tələbə teatrı və “Səma” rəqs qrupunun hazırladığı ədəbi- bədii kompozisiya nümayiş etdirildi. Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi İsmayıl Faxtiyev Xocalı faciəsinin simvolu olan “Ana fəryadı” obrazını fırçası ilə qana boyadı.
Rektor universitetin istedadlı tələbələri tərəfindən təşkil olunmuş tamaşanın Xocalı soyqırımının yüksək səviyyədə təbliğatı olduğunu bildirərək tökülən qanların, axıdılan göz yaşlarının yerdə qalmayacağını və tezliklə işğal altında olan Qarabağımızı geri qaytarılacağını əminliklə vurğuladı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az