Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti şəhərimizin yeganə ali təhsil müəssisəsidir
Sumqayıt Dövlət Universiteti şəhərimizin yeganə ali təhsil müəssisəsidir

Zakir Fərəcov: Ulu öndər daima müəllim əməyini yüksək qiymətləndirmişdir.
Yanvarın 15-də Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcov  Sumqayıt Dövlət Universitetində oldu. Rektor, professor Elxan Hüseynov şəhər rəhbərini  həm öz, həm də tələbə - müəllim kollektivi adından salamladı və onu universitetdə görməkdən  məmnun olduğunu bildirdi.
Rektor Elxan Hüseynov qeyd etdi ki, Prezident cənab İlham Əliyev Zakir Fərəcovu Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin etməklə, bir daha onun iş qabiliyyətinə və şəxsi keyfiyyətlərinə yüksək qiymət vermişdir.Cənab Zakir Fərəcov rəhbər təyin olunduğu gündən şəhərin bütün məhəllə, mikrorayonlarının, qəsəbələrin o cümlədən təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, şəhər təsərrüfatının və bir çox strukturların vəziyyəti ilə yaxından tanış olmuş, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri, xüsusilə də şəhərin ağsaqqaları, fəal gəncləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri ilə görüşlər keçirmiş, yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görmüşdür. Bu gün ölkə başçısı cənab İlham Əliyevin Sumqayıta olan böyük qayğısı, şəhərimizin sosial-iqtisadi inkişafına dair verdiyi sərəncamlar Sumqayıt Dövlət Universitetinin kollektivi tərəfindən böyük razılıqla qarşılanır. İnanırıq ki, şəhərimizdə aparılan genişmiqyaslı islahatların nəticəsində tezliklə Sumqayıt Azərbaycanın qabaqcıl sənaye mərkəzlərindən birinə çevriləcək.
Rektor Elxan Hüseynov ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verdi.  Bildirdi ki, universitetimizdə 7 fakültə, 41 ixtisas üzrə bakalavriat, 52 ixtisas üzrə magistr pillələri üzrə mütəxəssis hazırlığı aparılır. Əminliklə deyə bilərəm ki, Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün bütün imkanların səfərbər olunması istiqamətində ən gözəl töhfədir. Biz də öz fəaliyyətimizdə məhz bu Strategiyanın müddəalarını əsas tuturuq. Qeyd etmək yerinə düşər ki, çoxlu uğurlarımızla bərabər  universitetimizin 3 ixtisası Avropa akkreditasiya agentliyinin (ASİİN) sertifikatına layiq görülmüşdür. Bu da  Azərbaycan təhsilinin Avropaya inteqrasiyası ilə yanaşı, ali təhsil müəsissələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, müəllim-tələbə mobilliyinə və  ikili diplomların Avropada tanınmasına zəmanət verir.
Professor Elxan Hüseynov cənab Zakir Fərəcova Sumqayıt şəhərinin inkişafı ilə bağlı keçirdiyi silsilə görüşlərdən birinin də universitetimizdə təşkilinə görə Sumqayıt Dövlət Universitetinin çoxsaylı professor-müəllim və tələbə heyəti adından  təşəkkürünü bildirərək vurğuladı ki, əminliklə deyə bilərəm ki, biz Sumqayıt Dövlət Universiteti olaraq daima ölkə Prezidenti cənab İlham Əliyev ətrafında sıx birləşərək şəhərimizin inkişafına öz töhfəmizi verəcəyik.
İcra başçısı cənab Zakir Fərəcov universitetin  kollektivini  salamlayaraq qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa əsaslanan və Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi uğurlu iqtisadi, sosial siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası və bu Proqram çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərinin taleyində yeni bir mərhələ oldu. Mən çalışacam ki, dünən, bugün və sabah da sumqayıtlıların yanında olum, istənilən problemlərin həlli istiqamətində  əlimdən gələni edim. Ulu öndər daima müəllim əməyini yüksək qiymətləndirmiş, “Müəllimdən yüksək ad tanımıram” söyləmişdir. Mən də Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı kimi bu kəlama uyğun olaraq Sumqayıt şəhərinə  təyin olunduğum gündən ilk görüşlərimi təhsil müəssisələrində həyata keçirirəm. Çünki millətin formalaşmasında təhsil prioritet istiqamətlərdən biridir.
Cənab Zakir Fərəcov çıxışının sonunda qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti şəhərimizin yeganə ali təhsil müəssisəsidir. Son zamanlar universitetdə aparılan yenidənqurma və abadlıq işləri yüksək səviyyədidir. Bir çox auditoriyalarda, Elmi kitabxanada, Heydər Əliyev Mərkəzində olduğunu, universitetin yeni görünüşündən, həmçinin kollektivin səmimi münasibətindən məmnun qaldığını bildirərək şəhər rəhbəri onu da vurğuladı ki,  Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələr öz bilik və bacarıqları ilə əmək bazarında  layiqli yer tutacaqlar. Peşəkar bir kadr kimi yetişərək ölkəmizin inkişafına töhfələr verəcəklər.
Universitetimiz üçün unudulmaz xatirəyə, əlamətdar hadisəyə çevrilən tədbirdə cənab Zakir Fərəcov professor-müəllim və tələbə heyəti arasında  birbaşa səmimi dialoq qurdu,  onların fikir və təkliflərini diqqətlə dinlədi. Universitet kollektivinə və onun rəhbəri professor Elxan Hüseynova görüşün təşkili üçün təşəkkür etdi və qarşıda duran mühüm vəzifələri gerçəkləşdirməsində uğurlar arzuladı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az