Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dövlət Bayrağı günü qeyd edildi
Dövlət Bayrağı günü qeyd edildi

Noyabrın 6-da Sumqayıt Dövlət Universitetində Dövlət Bayrağı günü qeyd olundu.
SDU-nun rəhbərliyi, professor-müəllim heyəti və Sumqayıt şəhər Veteranlar şurasının üzvləri universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad etdilər. Qonaqlar Heydər Əliyev Mərkəzində ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illəri əks etdirən fotolarla tanış oldular və unudulmaz xatirələrini bölüşdülər.
Universitetin rektoru, professor Elxan Hüseynov bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi və şəhər Veteranlar şurasının sədri Leyla Qasımovanı, Tərlan Ruhullayevi, Böyük Vətən müharibəsi veteranı Mirməhəmməd Mirəlioğlunu iştirakçılara təqdim etdi. Rektor bildirdi ki, Azərbaycanın dövlət bayrağının ilk dəfə dalğalanmasından 97 il ötür. 1918-ci ilin noyabrından 1920-ci ilin aprelinədək millətin başı üzərində dalğalanan üçrəngli dövlət bayrağımız yalnız 70 il sonra, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet əsarətindən qurtulmağımıza bir il qalmış Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqlənmiş, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmış, nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilmişdir. Xalqımız 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı ilə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağını bərpa etməklə uca zirvələrə qaldırdı. Ümummlilli liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə qərarı ilə ucaldılan bayrağımız dünyada ən böyük və ən uca bayraq kimi Ginnesin rekordlar kitabına düşmüşdür. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət himninin mətni və Dövlət Bayrağı Muzeyi Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onu baxımlı etmişdir. Rektor vurğuladı ki, Prezident cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi təsis edilməsi ölkə rəhbərinin öz xalqının tarixi keçmişinə, dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətin bariz nümunəsidir. Mən inanıram ki, Ali Baş komandanın rəhbərliyi ilə üçrəngli milli bayrağımız doğma Qarabağımızda dalğalanacaqdır.Sumqayıt şəhər Veteranlar şurasının sədri Leyla Qasımova universitetin rəhbərliyini və tələbələri bayram münasibət ilə təbrik etdi. Müqəddəs dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu qeyd etdi. Bildirdi ki, Ulu öndər ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət bayrağı milli suverenliyin simvolu kimi qəbul olundu. Bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanmasında ən böyük örnəyin Prezident İlham Əliyevin olduğunu vurğuladı.
Azərbaycan tarixi kafedrasının dosenti Neman Xasayevin "Azərbaycan dövlətçilik tarixinində bayraqlar", Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Sadiq Səlimovun çıxışları dinlənildi. Filologiya fakültəsinin tələbəsi Könül İbrahimova Zəlimxan Yaqubun "Azərbaycan oxusun" , Tarix və coğrafiya fakültəsinin tələbəsi İbrahim Qəniyev Ramiz Qusarçaylının "Azərbaycan bayrağı" şerlərini səsləndirdilər.
Sonda Dövlət Bayraq gününə həsr olunmuş sənədli film nümayiş etdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az