Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetin rektoru TEMPUS proqramı çərçivəsində Almaniya və Avstriya universitetlərində oldu
Universitetin rektoru TEMPUS proqramı çərçivəsində Almaniya və Avstriya universitetlərində oldu

Mayın 18-də  Təhsil Nazirliyinin nümayəndə heyəti Almaniya və Avstriya universitetlərində ezamiyyətdə oldu.
Köln şəhərindən başlayan rəsmi səfər çərçivəsində nümayəndə heyətini öncə Köln Tətbiqi Elmlər Universitetinin (KTEU) rektoru, professor Kristof Zibelberq  qəbul etmişdir. Görüşdə layihənin koordinatoru, Köln Tətbiqi Elmlər Universitetinin professoru Reza Talebi Dəryani və bir neçə rəsmi şəxslər iştirak etmişdir. Rektor nümayəndə heyətini salamladıqdan sonra rəhbərlik etdiyi universitet tərəfindən görüşdə iştirak edən əməkdaşları təqdim etmişdir.
Professor R.Dəryani Azərbaycan nümayəndə heyətinin üzvlərini KTEU-nin rektoruna təqdim etmişdir. Professor Kristof Zibelberq nümayəndə heyəti qarşısında KTEU haqqında geniş təqdimatla çıxış etdikdən sonra qonaqları maraqlandıran sualları cavablandırmışdır. Professor Talebi Dəryani layihə üzrə yerinə yetirilən işlərin gedişi ilə bağlı KTEU –ni rektoruna məlumat vermişdir. 
Rektor, professor Kristof Zibelberq nümayəndə heyətinin səfəri zamanı onları maraqlandıran məsələlərlə bağlı universitetin qurumlarına tapşırıqlarını vermiş, rəhbərlik etdiyi universitetlə layihə iştirakçıları olan universitetlər arasında gələcək əməkdaşlıq müqaviləsinin bütün müddəalarını müzakirə etmişdir.
Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov nümayəndə heyəti adından onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlığını bildirmiş, səfərin məqsədlərindən və gələcək əməkdaşlıq planlarından danışmışdır.
Təhsil Nazirliyi aparatının rəhbərinin müavini, dosent Yaqub Piriyev Bolonya prosesinin Azərbaycan təhsil məkanında tətbiqindən, adı çəkilən layihədə yerinə yetirilən işlərdən və layihə çərçivəsində ASİİN təşkilatı tərəfindən həyata keçirilən akkreditasiya tədbirlərindən danışmışdır.
Səfərin ilk günü KTEU-nun professoru Viktor Köhm nümayəndə heyəti ilə görüşmüş, gələcəkdə Azərbaycanın layihədə təmsil olunan universitetləri ilə əməkdaşlıq qrupuna rəhbərlik edəcəyi ilə bağlı məlumat vermişdir.
Mayın 19-da KTEU-nun professoru, universitetin “Qiymətləndirmə və mobillik” Mərkəzinin direktoru Benyaminin nümayəndə heyəti ilə görüşü keçirilmiş, KTEU-da qiymətləndirmə işlərinin aparılması və nəticələrin analizinə dair geniş təqdimat göstərilmişdir.  Görüşdə Azərbaycan Dövlət Neft Akademiyasında, Sumqayıt Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərin KTEU-nun analoji mərkəzi ilə əlaqələri müzakirə olunmuşdur. Daha sonra mərkəzin işi, proqram təminatı və son nəticələr qonaqlara nümayiş etdirilmişdir.
Layihənin koordinatoru Reza Talebi Dəryani və KTEU-nun professoru Verner Qornik nümayəndə heyəti ilə görüşmüşlər.  Görüşdə Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti də akkreditasiya işləri ilə bağlı yerinə yetirilmiş işlər müzakirə olunmuş, hesabatın hazırlanmasının gedişi ilə bağlı maraqlı müzakirələr aparılmışdır.
KTEU-nun əməkdaşlarının iştirakı ilə nümayəndə heyətinə Köln Universitetində tədris prosesi ilə bağlı məlumat verilmişdir. Daha sonra bir neçə auditoriyada dərsin gedişi qonaqlara əyani nümayiş etdirilmişdir.
Elə həmin gün Köln şəhərinin mədəni həyatı ilə bağlı məlumat verilmiş, şəhərin  görməli və gəzməli yerləri göstərilmişdir.
Mayın 20-də layihənin koordinatoru Reza Talebi Dəryani və KTEU-nun professoru Verner Qornik nümayəndə heyəti ilə işçi görüş keçirmiş, ASİİN təşkilatının yerləşdiyi Düsseldorf şəhərinə gəlmişlər. ASİİN təşkilatının direktoru, Doktor İring Vasser nümayəndə heyətini qəbul etmiş, rəhbərlik etdiyi təşkilat barədə geniş təqdimatla çıxış etmişdir. Daha sonra SDU-nun rektoru Elxan Hüseynov və Təhsil Nazirliyi aparatının rəhbərinin müavini, dosent Yaqub Piriyev onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını bildirmiş, səfərin məqsədlərindən və gələcək əməkdaşlıq planlarından danışmışlar. Görüşdə  Bolonya prosesinin Azərbaycan təhsil məkanında tətbiqi, Azərbaycan ali təhsil müəssisələrinin akkreditasiya olunması və ASİİN ilə gələcək əməkdaşlıq geniş müzakirə olunmuşdur.
Daha sonra layihənin koordinatoru Reza Talebi Dəryani, KTEU-nun professoru Verner Qornik və nümayəndə heyəti ilə  ASİİN təşkilatının əməkdaşı, Doktor cənab Hermes ilə görüşmüşlər. Görüşdə ASİİN təşkilatının 29 mart - 02 aprel 2015 tarixlərində ADNA, SDU və AzTU –da yerinə yetirilmiş akkreditasiya işləri ilə bağlı məsələlər geniş müzakirə olunmuşdur. ASİİN təşkilatının ekspertlərinin ilkin hesabatında verilmiş suallar araşdırılmış, tənqidi iradlara və məsləhətlərə dair  rəyin 28 may 2015 –ci il tarixinədək ASİİN -ə çatdırılmasının vacib olduğu qonaqlara bildirilmişdir.
Mayın 21-də nümayəndə heyəti, layihənin koordinatoru Reza Talebi Dəryani, KTEU-nun professoru Verner Qornik ilə birlikdə  Avstriyanın Graz şəhərinə gəlmişlər. Graz Texniki Universitetinin Texnologiya İnstitutunun direktoru, professor Stefan Forbax nümayəndə heyətini qəbul etmiş, universitet və rəhbərlik etdiyi institut barədə qonaqlar qarşısında təqdimatla çıxış etmişdir. Daha sonra qonaqlara GTU –də tədrisin təşkili barədə məlumat verilmiş, mühazirə, seminar və laboratoriya dərslərində iştirak etmək şəraiti yaradılmışdır. SDU-nun rektoru Elxan Hüseynov nümayəndə heyəti adından onlara göstərilən diqqətə görə minnətdarlığını bildirmiş, səfərin məqsədlərindən və gələcək əməkdaşlıq planlarından danışmışdır.
Bir gün sonra nümayəndə heyətini Graz Texniki Universitetinin “Beynəlxalq Əməkdaşlıq və mobillik proqramları” şöbəsinin müdiri, xanım Juliya Skhava qəbul etmişdir. Xanım Juliya Skhava universitetin beynəlxalq əlaqələri barədə qonaqlara məlumat vermiş, geniş təqdimatla çıxış etmişdir. Daha sonra qonaqlara GTU –da mobillik proqramlarının və müxtəlif layihələrin təşkili barədə məlumat verilmişdir. Rektor Elxan Hüseynov, dosent Yaqub Piriyev, nümayəndə heyətinin digər üzvləri mobillik proqramları çərçivəsində mövcud imkanlardan yararlanmaq və bu istiqamətdə gələcək əməkdaşlıq planlarından danışmışlar.
Graz Texniki Universitetinin prorektoru, professor Horst Biskof nümayəndə heyətini qəbul etmiş, universitet rəhbərliyi adından onları salamlamış, rektorluq adından qonaqlara rəsmi ziyafət verilmişdir.
Graz şəhərinin görməli və gəzməli yerləri ilə tanışlıqdan sonra nümayəndə heyəti, layihənin koordinatoru Reza Talebi Dəryani və  KTEU-nun professoru Verner Qornik Köln şəhərinə qayıtmış və layihə çərçivəsində yerinə yetirilmiş işlərin müzakirəsi davam etdirilmişdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az