Əsas səhifə | Xəbərlər | TGT-nin təşkilatçılığı ilə Filologiya fakültəsində Dövlət Bayrağı Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi
TGT-nin təşkilatçılığı ilə Filologiya fakültəsində Dövlət Bayrağı Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi
Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzidir. Bayraqları bayraq edən üstündəki qandır! Bayraq mübarizlik və müstəqillik simvoludur. Keçmişimizdən bizə miras qalmış bu üçrəngli bayraq daima başımızın üstündə dalğalanacaq. Noyabrın 6-sı Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Filologiya fakültəsində Dövlət Bayrağı Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi. Tədbirdə fakültənin dekanı dosent Sevinc Həmzəyeva Dövlət Bayrağı Gününün hər bir azərbaycanlı üçün qürur və şərəf günü olduğunu qeyd edərək, əlamətdar gün münasibətilə xalqımızı təbrik etdi. Dekan suverenliyimizin, dövlətçiliyimizin və müstəqilliyimizin ən əziz, ən uca atributlarından biri olan üçrəngli bayrağın tarixindən və bu günün əhəmiyyətindən söz açaraq bildirdi ki, Azərbaycanda üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul olunmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir. Həmin bayraq bir də 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də xalqın tələbi ilə Ali Sovet "Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa Dövlət Bayrağı statusunu vermişdir. 1991-ci il oktyabr ayının 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını qəbul etmişdir. Dekan Azərbaycan Bayrağının keçdiyi şanlı tarixi yoldan danışaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Sonra natiqlər çıxışlarında bildirdilər ki, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanılıb, dövlətçiliyimiz möhkəmlənib, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmizin müdafiə qüdrəti daha da artıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımız işğaldan azad ediləcək və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az