Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU XIII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olundu
SDU XIII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olundu
Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılış mərasimi keçirildi. Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak etdilər.
Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, builki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak etdi.
Təhsil naziri Ceyhun Bayramov qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin, müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub. Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun sərgidə iştirakına toxunan Ceyhun Bayramov dedi ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri təhsil sahəsində də öz əksini tapmalı, bir millət olan bu iki dövlətin təhsil mütəxəssisləri arasında sıx əməkdaşlıqlar qurulmalıdır. Nazir onu da qeyd etdi ki, sərgi Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın bir qədər də dərinləşməsi və zənginləşməsinə xidmət edəcək. Cənab Ceyhun Bayramov onu da diqqətə çatdırdı ki, nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar və əldə olunan nailiyyətlər sərgidə ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb.Təhsil naziri sərginin gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyini əlavə etdi.Nazir çıxışının sonunda sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib və uğurlar arzuladı.
Daha sonra çıxış edən Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk Azərbaycan və Türkiyə arasında səmimi, dost və qardaş münasibətlərinin mövcudluğundan söz açdı.
Ziya Selçuk təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu səfərin mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını söylədi. Daha sonra iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verdi.Türkiyəli nazir bildirdi ki, hazırda iki ölkə arasında təhsil sahəsində çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur.Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçuk çıxışının sonunda Azərbaycanda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyinə inandığını ifadə etdi.
Avropa Komissiyasında “NEAR” Baş direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos da öz növbəsində builki sərgidə Avropa İttifaqının birləşmiş stendinin debüt etdiyini qeyd etdi. O bildirdi ki, Avropa İttifaqının stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa və Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur.
“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun da artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını dedi.
Qeyd edək ki, sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin baş sponsoru “Kapital Bank”dır.“Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır.
Sərgidə ölkəmizin digər ali təhsil müəssisələri ilə yanaşı, Sumqayıt Dövlət Universiteti də təmsil olundu. SDU-nun rektoru professor Elxan Hüseynov sərgidə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya və Təhsil naziri Ceyhun Bayramova universitetin tədris strukturları, mövcud ixtisaslar, elmi fəaliyyət, professor-müəllim heyətinin çap edilən elmi əsərləri, o cümlədən ölkəmizdə və xaricdə dərc olunan məqalələr, beynəlxalq əlaqələr barədə danışdı. Eyni zamanda Fizika və elekteoenergetika fakültəsinin Elektrik enerjisinin istehsalı fənnindən Qeyri-ənənəvi üsülla (külək, günəş) elektrik enerjisinin alınması üçün 2 stendi ilə, Mühəndislik fakültəsinin Texnoloji prosesin avtomatlaşdırılması üçün məsafədən idarə olunan sənaye robotunun tətbiqi ilə, eyni zamanda universitetin tədris və elmi fəaliyyətini özündə əks etdirən kitablar, bukletlər və videoçarxlarla tanış etdi.
SDU-nun stendində təqdim olunan layihələr maraqla qarşılandı. Nazir Sumqayıt Dövlət Universitetinin təqdim etdiyi stendləri yüksək qiymətləndirdi.
Qeyd edək ki, XIII Beynəlxalq Təhsil sərgisi üç gün davam edəcək.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az