Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri müəyyən olundu
Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri müəyyən olundu
Oktyabrın 4-də Bakı Konqres Mərkəzində sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsinə dair ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən Gənclər Fondu tərəfindən təşkil edilən müsabiqənin qalibləri ilə görüş keçirildi.
Görüşdə Təhsil naziri Ceyhun Bayramov, dövlət rəsmiləri, Millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müsabiqənin qalibi olan gənclər və onların valideynləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək bildirdi ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, gənclərə dövlət qayğısı ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əsas sütununu təşkil edir.
Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov da dövlət başçısının gənclərə xüsusi diqqət və qayğısından danışdı. Ceyhun Bayramov insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq, gənclər üçün təkcə son bir ildə yaradılan çoxsaylı imkanlar haqqında ətraflı məlumat verdi. Nazir qeyd etdi ki, səriştəli mütəxəssislərin yetişdirilməsində ali təhsil sisteminin xüsusi rolu var.
Təhsil naziri ali təhsilin daha əlçatan olması üçün davamlı tədbirlərin həyata keçirildiyini bir daha xatırlatdı. Dövlət vəsaiti hesabına təhsil alan tələbələrin sayının artdığını deyən Ceyhun Bayramov qeyd etdi ki, cari ildə bu göstərici 66 faiz artırılaraq, 12300-dən 20500-ə çatdırılıb. Cari tədris ilində tələbələrə verilən təqaüdlərin məbləği orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə edib. Həssas sosial qruplardan olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan 100-dən çox tələbəyə Prezident təqaüdünün verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi “hər bir gəncin təhsil ala bilməsi” konseptinin reallaşdırılmasına şərait yaradıb. Gənclər Fondu tərəfindən keçirilən müsabiqənin də məhz təhsilin hər kəs üçün əlçatanlığının təmin olunmasına xidmət etdiyini deyən nazir fondun təhsil məsələlərinə xüsusi diqqət yetirdiyini sözlərinə əlavə etdi. Müsabiqədə qalib olan tələbələri təbrik edən Təhsil naziri onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzuladı.Çıxışının sonunda nazir 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara şərəfli, müqəddəs işlərində uğurlar dilədi.
Görüşdə çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev də gəncləri təbrik etdi, onlara yaradılan bu şəraitdən maksimum istifadə edərək, dövlətə yararlı vətəndaş, həmçinin səriştəli mütəxəssis olmalarını arzuladı.
Müsabiqənin qalibləri çıxışlarında təhsilin inkişafına, onlara göstərilən hərtərəfli dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Tədbirdə qalib olan gənclərin uğur hekayələrindən bəhs edən videoçarxlar nümayiş olundu. Daha sonra müsabiqənin qalibləri ilə təhsil xərclərinin ödənilməsinə dair müqavilələr imzalandı.
Qeyd edək ki, müsabiqə nəticəsində Sumqayıt Dövlət Universitetinin 9 tələbəsinin təhsilhaqqı xərclərinin dövlət tərəfindən ödənilməsi qərara alındı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az