Əsas səhifə | Xəbərlər | Universitetimiz yeni tədris ilinə hazırdır
Universitetimiz yeni tədris ilinə hazırdır
Azərbaycan Respublikasının hazırkı dayanıqlı inkişafı və hərtərəfli tərəqqisinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, gələcək inkişaf üçün möhkəm təməl yaradılmışdır. Son illər ölkə iqtisadiyyatının dinamik yüksəlişi bütün başqa sahələr kimi, təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış, onun yeni mərhələsi başlamışdır. Ölkənin gələcək inkişafını təmin edəcək təhsil insan kapitalının formalaşmasına xidmət edən ən mühüm sahə olmuşdur. Hazırda təhsil iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri də yerinə yetirir. İnsanın ömür boyu təhsil almaq tələbatının ödənilməsi isə təhsilin iqtisadi həyatda rolunu yüksəldən amillərdən ən mühümüdür. Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Bu gün Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi cəmiyyətin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr verən Sumqayıt Dövlət Universiteti əldə etdiyi nailiyyətləri ilə ölkənin kadr potensialının formalaşmasına öz müsbət təsirini göstərir. Universitetdə həm tədris, həm elmi-tədqiqat, həm də idarəçilik sahələrində həyata keçirilən yeniliklər, struktur islahatları əsaslı keyfiyyət dəyişikliyinə zəmin yaratmışdır. SDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, əməkdaşlarımızın maddi rifah halının yaxşılaşdırılması, təhsilin və nizam-intizam keyfiyyətinin yüksəldilməsi, imtahanlarda şəffaflığın təmin edilməsi istiqamətində diqqətəlayiq işlər həyata keçirilir. Müasir tələblərə cavab verən, dünya əmək bazarına çıxa biləcək kadr hazırlamaq üçün mühüm işlər görülmüşdür. Bu da prezident cənab İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində apardığı uğurlu siyasətin və müasir təhsil sahəsinə göstərdiyi dövlət qayğısının bariz nümunəsidir.
Hər zaman olduğu kimi, Sumqayıt Dövlət Universiteti yeni tədris ilinə bir sıra yeniliklərlə başlayır. Tələbələri yüksək səviyyədə qarşılamaq üçün həm tədrisin keyfiyyəti baxımından, həm də auditoriya və laboratoriyaların masir standartlara uyğunlaşdırılmısı ilə bağlı müvafiq işlər görülmüş, ali məktəbin bütün tədris binalarında təmir işləri uğurla başa çatdırılmışdır. Həmçinin bir çox fakültələrdə yeni tədris laboratoriyaları istifadəyə verilmişdir. 2019-2020-ci tədris ili üçün bütün lazımi sənədlər: tələbə biletləri, qiymət kitabçaları, tədris jurnalları hazırlanmışdır. Tədris prosesini daha da mükəməlləşdirmək, maddi-texniki bazanı inkişaf etdirmək məqsədilə müasir tədris laboratoriyaları üçün yeni qurğular alınmış, tədris auditoriyalarında cari təmir işləri aparılmış, auditoriyalardakı köhnə və yararsız yazı lövhələri yeniləri ilə əvəz olunmuşdur.
Kimya və biologiya fakültəsi üçün reaktivlər alınıb kafedralara təhvil verilmişdir. Neft kimyası və kimya mühəndisliyi kafedrasına müasir xromotoqraf qurğusu alınmış, quraşdırılmış və treyninqlər keçirilmişdir.
Fizika və elektroenergetika fakültəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bütün laboratoriya və tədris auditoriyalarında təmir işləri görülmüşdür. Almaniyadan yeni laboratoriya qurğuları alınmışdır ki, bunlara Elektrik intiqalı fənni üzrə laboratoriya stendi, Elektromaqnetizm və yarımkeçiricilər fizikası fənnindən laboratoriya qurğularını misal göstərmək olar. Gələcəkdə alınması nəzərdə tutulan növbəti yeni laboratoriya qurğuları aşağıdakılardır: Elektromaqnetizm və yarımkeçiricilər fizikası fənnindən laboratoriyanın tamamlanması istiqamətində cihaz və qurğular, Elektrotexnika fənnindən laboratoriya stendləri. Qeyd edək ki, açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlik yarımstansiya Tədris poliqonu inşa edilib,yaxın zamanlarda istifadəyə veriləcək. Respublikada ənənəvi keçirilən Beynəlxalq Təhsil sərgisində nümayiş üçün qeyri-ənənəvi enerji istehsalı üzrə iki stend hazırlanmışdır.
Yeni tədris ilinə Filologiya fakültəsində “Türkologiya” və “Təhsildə psixoloji xidmət” ixtisaslaşmış fənn kabinetləri yaradılmış, tələbələrin dərs zamanı məlumatlanacağı və faydalanacağı stendlərlə təhciz edilmiş, dərs vəsaitləri və kitablarla təmin edilmişdir. Bununla yanaşı, keçən tədris ilində istifadəyə verilmiş “Məktəbəqədər və ibtidai təhsil” kabineti yeni tələblərə uyğun stend və məlumat lövhələri ilə zənginləşdirilmişdir. Hər üç kabinetdə olan dəyişiklik tələbə-müəllim işinin interaktiv təşkil edilməsi üçün nəzərdə tutulmuşdur. Təlim və tərbiyə işlərinə daha yaxşı nəzarət etmək məqsədilə bütün otaqlara müşahidə kameraları quraşdırılmışdır. Eyni zamanda yaradılmış yeni fənn kabinetləri dərsin keyfiyyətini artırmaq məqsədilə proyektor və ağıllı lövhələrlə də təmin edilmişdir.
Mühəndislik fakültəsində yeni tədris laboratoriyaları yaradılıb. İnformasiya və kompüter texnikası kafedrası üçün “Elektronika”, “Mikroprosessorlu idarəetmə və rəqəmsal sistemlər” tədris laboratoriyasına aid 4 stend, Proseslərin avtomatlaşdırılması kafedrası üçün nəzarət - ölçmə cihazları, proqramlaşdırılan məntiqi kontrollerlər, “Avtomatlaşdırma texnikası və tənzimləmə sistemlərinin öyrənilməsi” tədris laboratoriyalarına isə 6 stend alınmışdır. Qeyd edək ki, bu yeni laboratoriyalarda tələbələr Tənzimləmə texnikası, Proqramlaşdırılan məntiqi kontrollerlər,Texnolji ölçmələr, Sensor sistemləri fənlərində laboratoriya işləri vasitəsilə idarəetmə sistemlərinin müasir texniki avadanlıqları ilə işləmə bacarığı və praktik vərdişlər əldə edəcəklər.
İqtisadiyyat və idarəetmə fakültəsində 2019-2020-ci tədris ilinə hazırlıq yüksək səviyyədə aparılıb. Ənənəvi olaraq bu il də iki ixtisaslaşdırılmış fənn otağı (405 və 418 saylı) istifadəyə verilmişdir: Biznesin idarə edilməsi və Menecment. Bu otaqlar müasir tələblərə uyğun vəziyyətə gətirilmişdir. Fakültədə keyfiyyətli tədris aparmaq üçün bütün şərait yaradılmışdır.
SDU-nun Elmi kitabxanası 2019-cu ildə yeni alınan ədəbiyyatlarla daha da zənginləşdirilmişdir. 6 ay ərzində kitabxanaya müxtəlif mənbələrdən 2526 nüsxə ədəbiyyat daxil olmuşdur. 2492 nüsxə ədəbiyyat Azərbaycan dilində, 34 nüsxə ədəbiyyat rus və digər xarici dillərdədir. Bunlardan 2302 dərslik və dərs vəsaiti,126 elmi ədəbiyyat, 24 bədii ədəbiyyat, 10 ictimai-siyasi ədəbiyyat, 33 jurnal, 31 disk daxil olmuşdir. Müasir kompüter avadanlığı ilə təchiz olunmuş və internet şəbəkəsinə qoşulmuş Elmi kitabxanada elektron kitabxana fəaliyyət göstərir. Elektron kataloq yaradılıb. Elmi kitabxanada olan Azərbaycan ədəbiyyatı elektron kataloqda yerləşdirilir və bununla əlaqədar işlər davam etdirilir. Kitabxana üçün alınmış yeni skaner aparatı ilə kitablar elektron kitabxananın bazasına yerləşdirilir. Bundan başqa, kafedralardan göndərilən dərslik və dərs vəsaitlərinin, metodik vəsaitlərin, fənn proqramlarının, sillabusların, doktorluq dissertasiyalarının, magistr dissertasiyalarının, mühazirə mətnlərinin elektron variantı kompüterlərdə yerləşdirilir və tələbələrin istifadəsinə verilir. Beləliklə, bütün bunlar tələbələrin Elmi kitabxanadan və elektron kitabxanadan daha səmərəli istifadəsi üçün gözəl şərait yaradır.
Həmçinin tədrisin keyfiyyətini yüksəltmək məqsədilə yeni kompüter, proyektor, skaner aparatları alınmışdır. İnternetin sürətini artırmaq üçün 3 server, mətbəə üçün əlavə avadanlıqlar alınmışdır.
Hər üç tədris binasında təmir-tikinti işləri aparılmış, müasir standartlara cavab verən yeməkxana təhvil verilmişdir. II tədris binasının fasadında təmir işləri görülmüş, universitetin girişi sütunlu tavanla daha da əzəmətli görkəm almışdır. Artıq II tədris binasında əsaslı təmir işləri yekunlaşmışdır. Beşmərtəbəli binanın bütün mərtəbələrində yerləşən sanitar qovşaqları əsaslı təmir edilib, kanalizasiya sistemi tamamilə dəyişdirilib, lazımi avadanlıqlar quraşdırılıb, binanın bütün pəncərələri müasir pəncərələrlə və pəncərə örtükləri və jalüzlərlə əvəzlənmişdir. II tədris binasının arxa hissəsində yerləşən köhnə laboratoriya otaqlarında yerləşən 6 məcburi köçkün ailəsi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən mənzillə təmin olunaraq köçürülmüşdür. Ərazidə abadlıq işləri görülmüş, 3000 m2 asfalt örtüyü, 2000 m2 tamet örtüyü vurulmuşdur. Yolun kənarına isə dekorativ gül kolları və ağaclar əkilmişdir. Universitetin həyətində müasir tələblərə cavab verən işıqlandırma sistemi quraşdırılmış, işıq dirəkləri, hasarlar və səkilər yenilənmiş, skamyalar qoyulmuş, tələbələrin asudə vaxtlarının səmərəli keçməsi üçün şahmat lövhəsi inşa edilmiş, süni örtüklü futbol meydançası, badminton, qılıncoynatma, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər (besedkalar) qurulmuşdur.
Bütün bunlar, görülən işlər, yaradılan şərait tələbələrin yüksəkixtisaslı və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına xidmət edəcəkdir.
Bununla yanaşı, Sumqayıt Dövlət Universiteti beynəlxalq əlaqələrini ildən-ilə genişləndirir, ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayır. Qeyd edək ki, 14-21 iyul 2019-cu il tarixlərində Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay məktəbi təşkil olunmuşdu.
Tələbə Yay məktəbində Rusiya Federasiyası və respublikamızın ali təhsil müəssisələrindən ümumilikdə 70-ə yaxın tələbə və müəllim iştirak etdi. Yay məktəbi Rusiya və Azərbaycan xalqlarının dilinə və mədəniyyətinə tolerant münasibət bəsləmək, tələbə-gənclər arasında əməkdaşlığı genişləndirmək və möhkəmləndirmək üçün zəruri olan təməlin qoyulmasına nümunədir. Şübhəsiz ki, əsas məsələ elmi məktəblərin inkişafı, birgə nəşr fəaliyyəti, tələbə və müəllimlərin akademik mübadiləsi və rus dilinin tədrisinin təşkilinə kömək göstərməkdir. Assosiasiya çərçivəsində SDU-nun rəhbər işçiləri, alimləri, tələbələri dəfələrlə keçirilən forumlarda, tələbə forumlarında iştirak etmişlər. Eyni zamanda rusiyalı alimlər SDU-da təşkil olunan elmi konfranslarda iştirak edir, elmi-tədqiqat işlərinin nəticələrini qarşılıqlı olaraq “Elmi xəbərlər” jurnallarında nəşr etdirir, vaxtaşırı tələbələrə məharət dərsləri keçirlər. Bu da universitetimizin beynəlxalq reytinq cədvəllərində mövqeyinin yüksəlməsindən və böyük nüfuza malik olmasından xəbər verir. Universitetimiz həmçinin Boloniya prosesinin daha da genişlənməsinə böyük töhfələr verir. Kredit sisteminin tətbiq olunması, tələbə mobilliyinin təmin edilməsi, Yay məktəbinin və kollokviumların təşkili, sərbəst işlərin hazırlanması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər universitet həyatında Boloniya prosesinin inkişaf etdirilməsinə xidmət edir.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az