Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektoru qəbul prosesini izlədi
Sumqayıt Dövlət Universitetinin rektoru qəbul prosesini izlədi
Avqustun 15-dən etibarən Sumqayıt Dövlət Universitetinin tələbəsi adını yeni qazanmış gənclərin qeydiyyatına start verildi. 2019-2020-ci tədris ilində birinci kurs tələbəsi olacaq şəxslər tələb olunan sənədləri təqdim edərək, qəbul olunduqları fakültələr üzrə qeydiyyata düşürlər. Bu gün Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov qəbul prosesini izlədi. O, sənədlərin qeydiyyatı prosesinin gedişi ilə tanış oldu, qəbulu aparan SDU nümayəndələri ilə söhbət etdi, hansısa narahatlığın olub-olmaması ilə maraqlandı. Rektor qəbula gələn tələbələr və onların valideynləri ilə görüşdü, övladlarının SDU tələbəsi adını qazanması münasibətilə təbrik etdi, birinci kurs tələbələrinə təhsildə uğurlar arzuladı. Rektor SDU-nun 57 ildə keçdiyi inkişaf yolun, bu illər ərzində əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr, ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əməkdaşlığı haqqında qısa məlumat verdi. Bildirdi ki, bu gün universitetdə 6000-dən çox tələbə təhsil alır. 48 ixtisas üzrə bakalavr, 53 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır. 7 fakültə, 29 kafedra, 6 elmi-tədqiqat laboratoriyası, Tədris Metodiki Mərkəzi, Doktorantura və magistratura şöbəsi, Elmi hissə, Əcnəbi tələbələr şöbəsi və digər qurumlar fəaliyyət göstərir. SDU-nun tarixində ilk dəfə olaraq elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı aparılır. SDU-da Dissertasiya şurasının yaradılması fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyalarının müdafiə olunması istiqamətində gənc doktorantlara dövlətimiz tərəfindən yaradılan diqqət və qayğının bariz nümunəsidir. Bu da ölkəmizin kadr potensialının inkişafına töhfə verəcək. Rektor professor Elxan Hüseynov onu da vurğuladı ki, geniş profilli Sumqayıt Dövlət Universiteti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadrlar hazırlayır. Minlərlə məzunumuz müxtəlif idarə, müəssisə, təşkilatlarda yüksək vəzifələrdə çalışır. SDU-nun 3 tədris binası, 2 yataqxanası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin elmi kitabxanası, müasir texnika ilə təchiz olunmuş İnformasiya-texnologiyaları mərkəzi, Redaksiya və nəşr işləri şöbəsi və 3 yeməkxanası var. Tələbələrin asudə vaxtının səmərəli təşkili ücün Tələbə klubu nəzdində rəqs, qiraət kimi özfəaliyyət dərnəkləri, Debat-natiqlik klubu, Ritorika klubu, şahmat, futbol, badminton, stolüstü tennis, atıcılıq, qılıncoynatma və s. idman bölmələri fəaliyyət göstərir. Respublikanın bölgələrində yerləşən tarix muzeyləri və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunur. Universitetdə Linqvistik Mərkəz fəaliyyət göstərir. Tələbə Elmi Cəmiyyətinin üzvləri təkcə universitetdaxili konfranslarda deyil, eləcə də respublikada və bütün ezamiyyət xərcləri SDU tərəfindən ödənilməklə xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda fəal iştirak edirlər.
Sonra Sumqayıt Dövlət Universitetinin tələbəsi adını yeni qazanmış gənclərin və onların valideynləri qeydiyyatın yüksək səviyyədə təşkilinə görə rektor professor Elxan Hüseynova təşəkkür etdilər.
Qeyd edək ki, Təhsil Nazirliyinin Kollegiyasının məlum qərarına əsasən ödənişli əsaslarla universitetə qəbul olunan, lakin maddi cəhətdən imkansız tələbələrə təhsil haqlarını yarımillik üzrə ödəmək üçün lazımi şərait yaradılır və 2019-2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulu prosesi avqustun 15-dən 27-dək davam edəcək.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az