Əsas səhifə | Xəbərlər | Magistrantların XIX Respublika elmi konfransı öz işinə başladı
Magistrantların XIX Respublika elmi konfransı öz işinə başladı
Mayın 15-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Magistrantların XIX Respublika elmi konfransı keçirildi.
Konfransda respublikamızın qabaqcıl ali təhsil müəssisələrinin prorektor, struktur rəhbərləri və professor-müəllim heyəti iştirak etdilər.
Əvvəlcə konfrans iştirakçıları universitetin foyesindəki Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ona dərin ehtiramlarını bildirdilər.
Konfransa sədrlik edən rektor professor Elxan Hüseynov tədbir iştirakçılarını salamladı və konfransın əhəmiyyətindən danışdı. Rektor Ulu öndərin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafı istiqamətində görülən işlərin önəmindən bəhs etdi. Bildirdi ki, ümummilli liderin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri həmişə xüsusi yer tuturdu. Respublikada elm siyasətinin əsasını qoyan Ulu öndər Heydər Əliyevin kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub- saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. Təsadüfi deyil ki, XXI əsr YUNESKO tərəfindən elm və təhsil əsri adlandırılmışdır. Bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən aktual və prioritet məsələdir. Bu gün ölkəmizdə məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür. Ölkə başçısının rəhbərliyi ilə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan islahatlardan söz açan rektor təhsil sahəsində görülən işlərin müasir düşüncəli gənclərin hazırlanması məqsədlərinə yönəldiyinə diqqət çəkərək SDU-da gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etdi. Belə konfransların məzmun və məqsədinin tələbələri elmi-tədqiqat işlərinə cəlb etmək, gələcək mütəxəssislərin hazırlıq səviyyəsini yüksəltmək, magistrantların araşdırmalarını elmi ictimaiyyətə təqdim etmək olduğunu bildirdi. Magistrantlarımız respublikada və xaricdə keçirilən elmi konfraslarda yüksək göstəricilərlə iştirak edərək diplom və mükafatlara layiq görülürlər. Bu da onlar üçün böyük elmə gedən yolda ən uğurlu başlanğıcdır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkədə hər sahədə yüksək biliyə malik gənclər yetişir. Təhsil naziri cənab Ceyhun Bayramovun fəaliyyəti sayəsində Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənərək çoxsaylı layihələrə imza atılır. Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və insan kapitalının formalaşmasına töhfələr verir. Ölkədə təhsil sistemi daha da yenilənir, müasirləşir. Aparılan islahatlar, həyata keçirilən yeniliklər, layihələr SDU-nun yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradıb. Sumqayıt Dövlət Universiteti də gəncləri yeniliklərə, innovasiyalara, yeni texnologiyalara yönəltmək istiqamətində fəaliyyət göstərir. Bu gün təşkil edilən Magistrantların XIX Respublika elmi konfransı da məhz bu fəaliyyətin tərkib hissəsidir. Konfransda iştirak edənlərin sayının artması konfransın nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha göstərir. Konfransa Respublikamızın 29 elm və təhsil müəssisəsindən 1500-ə yaxın məruzə materialları daxil olmuşdur. Məruzə materiallarının ilkin ekspertizasından sonra 1441 tezis konfransın gündəliyinə daxil edilmiş və konfrans materialları toplusu şəklində çap olunmuşdur. Bu, ilk növbədə, magistrantların elmi konfranslara maraqlarının artmasının nəticəsidirsə, digər tərəfdən bu konfransı təşkil edən təşkilat komitəsinin apardığı ardıcıl və səmərəli işin göstəricisidir. Rektor konfransın işinə uğurlar arzuladı.
Sonra Maliyyə Nazirliyi yanında Elm-tədris Mərkəzinin direktor müavini İlham Zeynalov çıxış edərək mərkəzin rəhbəri Elman Hüseynovun salamını və təbriklərini çatdırdı. Bildirdi ki, bu yaxınlarda Sumqayıt Dövlət Universiteti ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Əməkdaşlığın nəticəsi olaraq bu gün konfransın iqtisadi bölümü üzrə keçiriləcək bölmə iclaslarında birinci yerə layiq görülən dörd məruzəçinin hər birinə 500 manatlıq təlim paketi təqdim olunacağını bildirərək magistrantları fəal olmağa çağırdı.
Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov, Bakı Dövlət Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədova çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilimizin inkişafına verdiyi töhfələrdən, ölkədə uğurla həyata keçirilən təhsil islahatlarından danışaraq qeyd etdilər ki, Ulu öndər Heydər Əliyev yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. Belə konfransların keçirilməsinin gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılmasında böyük rol oynadığını, buna görə Sumqayıt Dövlət Universitetinin bu təşəbbüsünün təqdirəlayiq olduğunu vurğuladılar. Qeyd etdilər ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməli, fəaliyyətimizi müasir dünyanın çağırışlarına uyğun qurmalıyıq. Bu baxımdan magistrantlarımızın üzərinə böyük məsuliyyət düşür. Onlar daim çalışmalı, bilik və bacarıqlarını artırmalıdırlar.
Konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Nəzrin Əsgərovanın “Alternativ enerji mənbələrindən istifadənin səmərəliliyinin artırılmasında Smart Grid texnologiyasının rolu”, Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Nərmin Qasımovanın “Dizayn sahələrində kompozisiya elementi kimi qrafikanın tətbiqinin analizi”, Sumqayıt Dövlət Universitetinin magistrantı Təhanə Şahmarovanın “Multiagent sistemlərinin layihələndirilməsinin bəzi aspektləri”, Bakı Slavyan Universitetinin magistrantı Umuxanım Müseyibovanın “Azərbaycan dilinin lüğət tərkibi XXI əsrdə”, Odlar Yurdu Universitetinin magistrantı Nərmin Nəsibovanın “İşıq və rəng parametrlərinin idarə olunmasının kompüterləşdirilmiş tədqiqat kompleksi” mövzularında məruzələri dinlənildi.
Bölmə iclaslarının işi barədə SDU-nun Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov məlumat verərək qeyd etdi ki, Magistrantların XIX Respublika elmi konfransı öz işini 18 bölmədə davam etdirəcək. Konfransda ən mütəşəkkil iştirak edən universitetlərdən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 283, Sumqayıt Dövlət Universiteti- 281, Azərbaycan Dövlət İqtisad Universiteti- 257, Bakı Slavyan Universiteti- 202, Gəncə Dövlət Universiteti – 69, Mingəcevir Dövlət Universiteti – 52, Naxcıvan Dövlət Universiteti – 50, Bakı Biznes Universiteti- 49, Azərbaycan Dövlət Aqrar Universiteti - 41, Odlar Yurdu Universieti – 40, və digər elm və təhsil müəssisələrinin adlarını sadalamaq olar.
Konfrans öz işini bölmələrdə davam etdirdi. Bölmə iclaslarında çıxış edən fəal magistrantlara Sumqayıt Dövlət Universitetinin sertifikatları təqdim edildi.
 
Mətbuat xidməti
  
  
<
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az