Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə görüş keçirildi
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə görüş keçirildi
Aprelin 4-də Sumqayıt Dövlət Universitetində Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibəti ilə “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mərkəzi Aparatının və DTX Sumqayıt şəhər idarəsinin məsul əməkdaşları, universitetin professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə DTX-nin kollektivini səmimi qəlbdən təbrik etdi. Rektor ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında 25 illik fəaliyyətindən söz açaraq qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin təhlükəsizlik orqanlarının xalqımızın maraqlarına xidmət göstərməsini təmin etmiş və peşəkar milli kadrların yetişməsinə əvəzsiz töhfələr vermişdir. Möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə daha da möhkəmlənir. Dövlətimizin başçısının düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün təhlükəsizlik baxımından dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanır. Görüşün əhəmiyyətindən bəhs edən rektor onu da vurğuladı ki, Azərbaycanda gənclərin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət, dövlətə sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti xüsusi fəallığı ilə seçilir. Belə görüşlərin keçirilməsi gənclərimizin tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində müstəsna rol oynayır.
DTX-nin məsul əməkdaşı, Sumqayıt Dövlət Universitetinin məzunu Elsevər Məmmədov “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda geniş məruzə ilə çıxış etdi. O, xüsusi xidmət orqanlarının tarixindən söz açdı. DTX tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərindən, o cümlədən bu tədbirlərdə vətəndaşların rolundan danışdı. E.Məmmədov çıxışında xüsusi xidmət orqanlarının aşkar və gizli iş üsulları anlayışı, onun dövlət idarəçiliyində rolu, xarici xüsusi xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti, beynəlxalq terrorçu təşkilatları, narkomaniya və insan alveri kimi transmilli cinayətkarlıq mövzularına da toxundu. Videotəqdimatla müşayiət olunan məruzə tələbələrin böyük marağına səbəb oldu.
Sonra DTX-nin məsul əməkdaşları tələbələrin çoxsaylı suallarını cavablandırdılar.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az