Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Əsrin müqaviləsi” Heydər Əliyevin yeni neft strategiyasıdır - Respublika elmi konfransı
“Əsrin müqaviləsi” Heydər Əliyevin yeni neft strategiyasıdır - Respublika elmi konfransı

Sentyabrın 24-də  SDU-da “Əsrin müqaviləsi” nin 20 illiyinə həsr olunmuş “Əsrin müqaviləsi” Heydər Əliyevin yeni neft strategiyasıdır- mövzusunda elmi konfrans keçirildi. Əvvəlcə universitetin rəhbərliyi və qonaqlar dahi liderin büstü önünə gül dəstələri qoymaqla ona olan dərin ehtiramlarını bildirdilər.
Konfransı giriş sözü ilə açan rektor Elxan Hüseynov  bildirdi ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının bünövrə daşını təşkil edən “Əsrin müqaviləsi” nin imzalanması ilə dövlətçilik tariximizdə özünün   böyük uğurlarına imza atmış oldu.
Beləki “Əsrin müqaviləsi”ndən keçən 20 il ərzində Azərbaycan iqtisadiyyatı uğurlu bir inkişaf yolu keçmişdir. Bu müddət ərzində ölkəmizdə bir sıra sosial- mədəni proqramlar həyata keçirilmişdir. Neft strategiyasının nəticəsi olaraq əldə edilən neft gəlirləri çoxaldıqca bir çox sahələrə, o cümlədən təhsilə ayrılan vəsait də artmışdır. Gənc nəslin  keyfiyyətli, beynəlxalq standartlara uygun təhsil alması, neft fondunun hesabına Avropanın bir sıra universitetlərində təhsil alan Azərbaycan tələbələrinin təqaüd proqramlarının reallaşması, məhz neft strategiyasının uğurla həyata keçirilməsindən xəbər verir.
“Əsrin müqaviləsi”–nin imzalanması ilə Azərbaycan MDB məkanında Qərbin nəhəng şirkətləri ilə iri miqyaslı saziş imzalayan ilk dövlət olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməlini qoymuşdur.
Aparılan düşünülmüş siyasət nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi-bərpa və dinamik inkişaf dövrü başlandı.
Rektor onu da qeyd etdi ki, müqavilə imzalanandan sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verdi.
Bundan sonra neftə qarşı yeni bir münasibət yaranmaqla, neft yanacaq, enerji vasitəsi olmaqla yanaşı, siyasi-strateji komponentə çevrildi.
Bu gün H.Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəyə böyük həcmdə valyuta daxil olur və nəticədə dövlət büdcəsinin mədaxili  yüksəlir və maliyyə ehtiyatları artır.
Ulu öndərin siyasi kursunun davamçısı İlham Əliyevin inamla gerçəkləşdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir.
Konfransın plenar hissəsində Azərkimya şirkətinin müşahidə şurasının sədri, millət vəkili Muxtar Babayev məruzə ilə çıxış edərək hələ 1991-ci illərdə neft və qaz hasilatı sahəsində olan çətinliklər, maddi vəziyyətin, fəhlələrin maddi durumlarının ağırlığından söhbət açaraq bildirdi ki, yeni neft yataqlarının istismarı ilə bağlı böyük çətinliklər  yaranmışdı. Yalnız 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hər şey sürətlə inkişafa doğru dəyişməyə başladı. Xüsusən 1994-cü ilin sentyabrında bağlanmış neft müqaviləsi ilə həyat öz axarına düşdü. Azərbaycan dövləti həm iqtisadi, həm də siyasi sahədə böyük irəliləyişlərə doğru addımlarını atdı.
1996-cı ildə Şahdəniz müqaviləsi, bundan sonra Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Kars, Bakı-Tbilisi-Ərzurum layihələri reallaşdı.
Neft layihələrindən gələn gəlirlərin toplanması üçün 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondu təsis olundu. Fondun gəlirləri hesabına  böyük sosial layihələr reallaşdı. Neftdən gələn gəlirlərin 70%-i Azərbaycan dövlətinin payına düşür.
Millət vəkili Muxtar Babayev onu da qeyd etdi ki, neft ilə yanaşı qaz hasilatına da önəm verilmiş, bu sahədə möhtəşəm TANAP, TAP layihələri  həyata keçirilmişdir.
SDU-nun “Tarix və coğrafiya”  fakültəsinin dekanı, tarix elmləri doktoru, professor Adil Baxşəliyev çıxışında bildirdi ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” nin reallaşması ölkə sənayesinin inkişafında böyük rol oynadı. “Əsrin Müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi son 200 ildə ilk dəfə olaraq öz milli sərvətlərinə tam sahib çıxması demək idi.  “Əsrin müqaviləsi ” ilə Azərbaycan öz xarici siyasətini yeni müstəqil dövlətin strateji maraqları üzərində qurdu.
“Əsrin müqaviləsi” çərçivəsində neft yataqlarının mənimsənilməsinə başlanılması əsas ixrac boru kəmərinin qısa zamanda  inşasını zərurətə çevirmişdi.
Adil Baxşəliyev onu da vurğuladı ki, hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə demokratik dövlət quruculuğu inamla həyata keçirilir, ictimai həyatın bütün sahələrində gedən yüksəliş göz qabağındadır.
Məlumat üçün bildirək ki, konfransa 102 tezis təqdim olunub. Tezislər iki bölmədə dinləniləcək. Sumqayıt Dövlət Universitetindən-62, Azərbaycan Dövlət Neft Akademiyasından-25, Gəncə Dövlət Universitetindən-2, Naxçıvan Dövlət Universitetindən-2, Azərbaycan Texniki Universitetindən-1, Azərbaycan Müəllimlər İnstitutundan-1, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından-2, Azərbaycan Dövlət Aqrar Universitetindən -2, ARDNŞ-dən-4, Türkiyənin Ağrı Universitetindən-1 nəfər əməkdaş konfransda iştirak etdilər.
Dəvət olunmuş qonaqların sayına və təmsil etdikləri ölkələrin müxtəlifliyinə görə konfrans respublika deyil, beynəlxalq konfrans xarakteri daşıdı.
Konfrans plenar iclasdan sonra bölmələr üzrə öz işini sentyabrın 24-25 tarixlərində  davam etdirəcək.
Konfransın yekun iclası sentyabrın 25-də başa çatacaqdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az