Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Vergi qanunvericiliyində edilən son dəyişikliklər haqqında” təqdimat
“Vergi qanunvericiliyində edilən son dəyişikliklər haqqında” təqdimat
Fevralın 28-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbə heyətinə Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi tərəfindən “Vergi qanunvericiliyində edilən son dəyişikliklər haqqında” təqdimat keçirildi.
Təqdimatda universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbə heyəti, Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları iştirak etdilər.
Təqdimatı İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva açaraq qonaqları salamladı, universitetdə görməkdən mənnunluğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Sumqayıt Dövlət Universitetinin birgə təhsil və elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, iqtisadyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili,vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları işinin təşkili üzrə ödənişsiz əsasda təlim və kursların keçirilməsi, professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması, birgə tədbirlərin, o cümlədən ekskursiyaların, treninqlərin, seminarların keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzinin direktoru Fərhad Əmirbəyov universitetimizdə olmuş, rektor professor Elxan Hüseynovla müzakirə aparmışlar. Qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində bu gün “Vergi qanunvericiliyində edilən son dəyişikliklər haqqında” təqdimat təşkil olundu. İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit, Maliyyə və digər iqtisadyönümlü ixtisaslarında təhsil alan tələbələrin və müəllim heyətinin yeni dəyişiklərlə məlumatlanmasına həsr edilmiş təqdimatın keçirilməsi gələcəkdə tədris prosesinin daha səmərəli təşkilinə xidmət edəcəyini, eyni zamanda Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə əməkdaşlığın genişləndirilməsi, tədris, elmi və praktiki əsaslarda biliklərin qarşılıqlı öyrənilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanmasında mühüm addım hesab olunduğunu diqqətə çatdırdı.
Vergilər Nazirliyinin Tədris Mərkəzinin İnsan Resursları Departamentinin baş direktorunun müavini Kamran Məmişov “Vergilər Nazirliyinin kadr siyasəti” mövzusunda təqdimatla çıxış etdi. Tədris mərkəzinin İqtisadiyyat və menecment kafedrasının baş müəllimi, Layihənin idarə edilməsi qrupunun rəhbəri Anar Mirzəyev mərkəzin fəaliyyəti və gənclər üçün təşkil edilmiş tədbirlər haqqında iştirakçılara məlumat verdi. Tədris mərkəzinin işini əks etdirən videoçarxın nümayişindən sonra Anar Mirzəyev ölkənin vergi siyasəti, bu sahədə olan yenilklər barədə danışdı. Tədris mərkəzinin baş müəllimi Azər Mustafayev Vergi Məcəlləsində son dəyişiklikləri və vergi ödənişləri sisteminin əsas xüsusiyyətləri haqqında təqdimatla çıxış etdi. Bildirdi ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər 5 əsas istiqaməti əhatə edir. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir.
Təqdimatın sonunda verilən suallar Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları tərəfindən cavablandırıldı.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az