Əsas səhifə | Xəbərlər | Gənclər Günü münasibətilə bir qrup tələbə mükafatlandırıldı
Gənclər Günü münasibətilə bir qrup tələbə mükafatlandırıldı
Fevralın 1-də Sumqayıt Dövlət Universitetində 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirildi.
Əvvəlcə professor-müəllim, tələbə heyəti universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə böyük hörmət və ehtiramlarını bildirdilər.
Gənclər Gününə həsr olunmuş bayram şənliyi universitetin “Gənclik” kafesində davam etdirildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq gəncləri əlamətdar gün münasibətilə təbrik etdi, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzuladı, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışdı. Bildirdi ki, ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılması və təşəkkülü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə həmişə böyük qayğı göstərmiş, onların hərtərəfli inkişafı üçün səyini əsirgəməmişdir. Bu gün Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Onlar bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Sizlərə bu yolda uğurlar arzulayıram.
Universitetin gəncləri adından çıxış edən Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Ceyhun Əsgərov qeyd etdi ki, gənclər bundan sonra da Heydər Əliyev irsinə sadiq qalacaq, dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq və arxalandıqları Prezident cənab İlham Əliyevin göstərdiyi etimadı doğruldacaqlar. Universitetdə gənc tələbələrə göstərilən diqqət və qayğıya görə rektor professor Elxan Hüseynova təşəkkürünü bildirdi.
Tədbirdə universitetin ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində fəal iştirak etmiş və eləcə də, respublika və beynəlxalq səviyyəli yarışlarda, müsabiqələrdə nailiyyətlər qazanmış bir qrup gənc fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundular.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən viktorinada sualları doğru cavablandıran iştirakçılar mükafatlandırıldılar.
Sonra respublikamızın tanınmış sənətkarlarının və universitetimizin tələbələrindən ibarət özfəaliyyət qrupunun nəğmələri, Səma rəqs qrupunun ifa etdiyi rəngarəng rəqslər tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş etdi.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az