Əsas səhifə | “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyət və perspektivləri ” mövzusunda elmi-praktik konfransı
“Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyət və perspektivləri ” mövzusunda elmi-praktik konfransı

Noyabrın 28-də Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə gül dəstələri qoydu. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üzərinə güllər düzüldü.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini andı, "Əbədi məşəl" abidəsinin önünə əklil qoydular.
Sonra dövlət və hökumət qurumları rəsmilərinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin, ali məktəblərin rektorlarının iştirakı ilə Marriott Absheron Baku hotelində Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələrinin Assosiasiyasının təşkilatçılığı ilə "Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyət və perspektivləri " mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransın açılış mərasimində çıxış edən təhsil naziri cənab Mikayıl Cabbarov qonaqları salamladı və iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlıqdan danışdı, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən aparılan ikitərəfli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir və möhkəmləndirilir.Cənab nazir onu da qeyd etdi ki, rus dilinin Azərbaycanda öyrənilməsi multikulturalizm prinsipinə əsaslanır."Bu gün 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. 450 mindən çox şagird isə rus dilini xarici dil kimi öyrənir" . Ölkəmizdə rus dili və ədəbiyyatının tədrisinə böyük diqqət ayrılır. Bu da gələcək əməkdaşlığımız istiqamətində atılan uğurlu addımlardan biridir. Hal-hazırda iki ölkə arasında təhsil sahəsində münasibətlər dinamik inkişaf edir: "İki Rusiya universitetinin Azərbaycanda filialının və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının açılması münasibətlərin inkişafının göstəricisidir".
Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva Rusiyanın Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirdi. Qeyd etdi ki, "Rusiya Federasiyası ali məktəblərində 14 minə qədər azərbaycanlı tələbə təhsil alır". 2016/2017-ci tədris ilində Rusiyanın ali təhsil müəssisələrinə 351 Azərbaycan vətəndaşı qəbul olub.
Olqa Vasilyeva çıxışında bildirdi ki, Rusiya Azərbaycanla təhsil sahəsində əməkdaşlıqda maraqlıdır. Əgər valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər". "Rusiyada Azərbaycan dilində məktəblərin açılması valideynlərdən asılıdır.
Konfrans çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və rusiyalı həmkarı Olqa Vasilyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının yeni korpusunun açılışında video-konfrans rejimində iştirak etdi və təbrik mesajlarını səsləndirdilər.
Konfransda Sumqayıt Dövlət Universitetinin rektoru, Rusiya - Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynov və Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya tərəfdən həmsədri professor Ramil Baxtizin ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğuladılar. SDU-nun rektoru Elxan Hüseynov qonaqları qonaqpərvərliyi, dostsevərliyi, tolerantlığı, multikulturalizmin Azərbaycan modelini yaradan ölkəmizdə salamlamaqdan məmnun olduğunu bildirdi. Rektor onu da vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında demişdir: "Azərbaycan öz inkişafına elm, təhsil və mədəniyyət yolu ilə irəliləyəcək. Bu, bizim ölkəmizin nəinki siyasi, həm də iqtisadi göstəricisidir."
Bu əlaqədə, elm və təhsil sahəsindəki qarşılıqlı münasibətdə əsas istiqamətlərdən biri Rusiya və Azərbaycan arasındakı əməkdaşlıqdır.
Ufa Dövlət Neft-Texniki Universitetinin rektoru Ramil Baxtizin əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini xüsusilə qeyd etdi.
Başa çatan "Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyət və perspektivləri " mövzusunda elmi-praktik konfransda bir çox ali məktəblərin rektor və prorektorlarının o cümlədən universitetimizin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədovun, Fizika və elektroenergetika fakültəsinin dosenti, Assosiyasiyanın koordinatoru Samir Orucovun, Linqvistik Mərkəzin rəhbəri Alik Abdullayevin məruzələri dinlənildi, fikir mübadiləsi aparıldı, qarşıda duran vəzifələr müzakirə olundu.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az